Rumıniya hökuməti ölkənin hava məkanını pozan üçüncü pilotsuz uçuş aparatının vurulmasından sonra Rusiyanın Buxarestdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Qara dəniz üzərində Rumıniya hava məkanına daxil olan şübhəli dronu aşkar edərək məhv edib. Bu, son üç gün ərzində Rumıniya tərəfindən vurulan üçüncü belə pilotsuz uçuş aparatıdır.
Rumıniya Prezidenti Nikuşor Dan hava məkanının təkrar-təkrar pozulmasını "qəbuledilməz və dözülməz" adlandırıb. O bildirib ki, bu cür insidentlər təkcə Rumıniyanın deyil, eyni zamanda NATO və Avropa İttifaqının hava məkanının təhlükəsizliyinə təhdid yaradır.
Rumıniya Xarici İşlər Nazirliyi baş verən hadisə ilə bağlı Rusiyanın səfirini izahat vermək üçün nazirliyə çağırdığını açıqlayıb. Rəsmi Buxarest bu addımı ölkənin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasına etiraz kimi qiymətləndirir.
Məlumata görə, dron Ukraynanın Dunay çayı sahilində yerləşən limanlarına yönəlmiş Rusiya hücumları zamanı Rumıniya sərhədini keçib. İlkin ehtimallara əsasən, pilotsuz uçuş aparatı Rusiyanın istifadə etdiyi "Şahed" tipli dronlardan biridir. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Rumıniya NATO-nun şərq cinahında yerləşən əsas üzv ölkələrdən biridir və Ukrayna ilə uzun quru sərhədini bölüşür. Son aylarda Rusiyanın Ukraynaya endirdiyi zərbələr zamanı bir neçə dəfə dronların Rumıniya hava məkanını pozması bölgədə təhlükəsizlik narahatlıqlarını artırıb.
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB