Ər-Riyadda II Beynəlxalq Əmək Bazarı Konfransı keçiriləcək

Yanvarın 29-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Əmək bazarının gələcəyi” şüarı altında II Beynəlxalq Əmək Bazarı Konfransı (GLMC) keçiriləcək. SİA əudiyyə Ərəbistanının “Mubasher info” saytına istinadla xəbər verir ki, tədbirdə 45 nazir, 100-dən çox ölkədən əmək siyasətini formalaşdıran şəxslər, ekspertlər və mütəxəssislər də daxil olmaqla 5000-dən çox iştirakçı və 200 spiker iştirak edəcək.

İki gün davam edəcək konfrans çərçivəsində bir sıra tədbirlər, o cümlədən əmək nazirlərinin dəyirmi masası, Səudiyyə Ərəbistanı İnsan Resursları və Sosial İnkişaf Nazirliyinin yaratdığı əsas məhsulların təqdim edildiyi sərgi təşkil olunacaq. Həmçinin müxtəlif müqavilələrin imzalanması gözlənilir.

Bundan əlavə, dövlət və özəl sektorun nümayəndələri, beynəlxalq təşkilatlar arasında ikitərəfli görüşlərin, dördüncü Əmək Mükafatı mərasiminin və Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı və BMT-nin İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində 50-dən çox ixtisaslaşmış panel sessiyasının keçirilməsi planlaşdırılır.

Konfransda qlobal əmək bazarlarında mövcud problemlər və çağırışlar müzakirə ediləcək, innovativ həllər və yaradıcı ideyalar təqdim olunacaq, həmçinin davamlı insan kapitalının inkişafı və sürətlə dəyişən mühitə uyğunlaşma yolları diqqət mərkəzində olacaq.

Budəfəki konfrans əmək bazarına dair siyasətlərin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması istiqamətində innovativ və davamlı həllərin təqdim olunmasına yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə