ABŞ-dan zəlzələlərlə bağlı yeni açıqlama

ABŞ-dan Kahramanmaraşda baş verən iki böyük zəlzələ ilə bağlı açıqlama verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Xarici İşlər sözçüsü Ned Prays zəlzələlərin təkcə Türkiyə və Suriyaya deyil, həm də bütün dünyaya təsir etdiyini bildirib.

Gündəlik mətbuat konfransında Prays zəlzələ görüntülərinin çox təsir edici olduğunu və insanlara kömək etmək üçün gecə-gündüz çalışdıqlarını qeyd edib.

ABŞ-ın Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səylərini dəstəkləmək üçün əlavə avadanlıq və resursları səfərbər etdiyini izah edən Prays, “Həddindən artıq çətin şəraitdə gecə-gündüz işləyən humanitar cavab qruplarının və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndiririk",- deyib.

Prays, “Bu, siyasi deyil, insani məsələdir. Biz dünya ölkələrini Türkiyə və Suriya xalqlarına dəstək olmaq üçün əllərindən gələni etməyə çağırırıq" ifadələrini işlədib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə