Böyük Britaniya Türkiyə üçün ianə kampaniyasına başlayır

Böyük Britaniyanın Fövqəladə Hallar Komitəsi, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək olmaq üçün ianə kampaniyasına başlayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədəki 14 yardım təşkilatını bir araya gətirən DEC təşkilatının internet saytında yer alan şərhdə, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işlərinə əlavə olaraq, sığınacaq, tibbi avadanlıq, qızdırıcı, ədyal, isti geyim, yemək və təmiz su ilə təmin olunmasının prioritet olduğu bildirilib.

Bu kontekstdə DEC bölgəyə təcili dəstək vermək üçün ianə kampaniyasına başlayır. Bu axşam Böyük Britaniyanın müxtəlif telekanallarında ianə kampaniyası canlı yayımlanacaq.

Bildirilir ki, Britaniya hökuməti kampaniyaya 5 milyon funt-sterlinq əlavə edəcək.

Bundan əlavə, Şotlandiya da DEC-in kampaniyasına 500.000 funt sterlinq bağışlayacağını açıqlayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə