Azərbaycanda internetin sürəti niyə zəifdir? - MÜNASİBƏT BİLDİRİLDİ

"İnternetin zəif olmasına əsas səbəb bir çox yerlərdə hələ də müasir texnologiyaların tətbiqinin ləngiməsidir. Bir çox yerlərdə internetin verilişində fiber optik kabellərdən istifadə olunmur. Biz özümüz iştirak etdiyimiz layihələrin əksəriyyətində regionda yaşayan şəxslər internetlə bağlı şikayətçi olur və layihələrə qoşulmaqda çətinlik çəkirlər. Bəzən elə hal olub ki, insanlar evdəki "Wifi"-ları ilə internetə qoşula bilmədikləri üçün biz onlar üçün mobil internet paketi almalı olmuşuq". Bu sözləri SİA-ya açıqlamasında İT və innovasiya sahəsində müxtəlif layihələrin təsisçisi Cəmil Hüseynzadə deyib.

Onun sözlərinə görə, internetin sürəti cihazların modelindən çox az asılıdır: "Ölkənin əksər hissəsində internetin verilişi köhnəlmiş və artıq zəifləmiş texnologiya ilə həyata keçirilir. Daha öncə qeyd etdiyim kimi, internetin keyfiyyəti cihaz modellərindən daha az asılıdır. Əgər qəbul edilən dalğalar internet istifadəsi üçün kifayət etmirsə, güclü cihazların da bir faydası olmayacaq. Kompüter ilə internetə qoşulan şəxslər LAN kabel vasitəsi ilə şəbəkəyə qoşulsalar internet daha sürətli olar və ev daxilində modemi düzgün yerdə yerləşdirmək lazımdır. Bəzən giriş qapısının yanına modem qoyurlar, bu tam dorğru deyil, çünki zəif dalğalar divarları keçərkən daha da zəifləyir. Bir şeyi də qeyd edim ki, kompüterlər arasında HP modelli kompüterlər internetə zəif qoşulması ilə populyardır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə