"Azərbaycanda süni zəka sahəsində böyük sıçrayış olacaq" - Blogger AÇIQLADI

Son günlər süni intellektin şəhərlərimizlə bağlı şərhi sosial şəbəkələrdə geniş yayılıb. Yayılan şəkillər bəzi sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu illüstrasiyaların süni intellekt tərəfindən deyil, hansısa şəxslər tərəfindən hazırlandığını iddia edir. Bəs əslində məsələ necədir? SİA mövzu ilə bağlı texnologiya bloggeri Tariyel Ağazadənin fikrini alıb.

Onun sözlərinə görə, bu sistem xüsusi proqram təminatları vasitəsilə işləyir, süni zəka vasitəsilə şəkillər hazırlanır: “Bu proqram təminatlarına son zamanlar regionların təsviri ilə bağlı onların xüsusiyyətini vurğulayan təsvirlər gəlir. Bunu süni zəka özü çox da bilmir, əvvəlcədən komanda verilir. Məsələn belə komanda verilir ki, Quba adlı alması ilə məşhur şəhərin təsviri verilsin. Bu proses belə baş tutur. Yəni o şəkillər sadəcə insanlar tərəfindən xüsusi proqram təminatı vasitəsilə öncədən komanda verilərək hazırlanıb”.

Blogger sonda bildirib ki, Azərbaycanda süni intellektdən istifadə aşağı səviyyədədir: “Daha çox fərdi insanlar tərəfindən istifadə olunur. Böyük şirkətlər, banklar yeni-yeni süni zəka alətlərindən istifadəyə başlayıblar. O şirkətlərdə də bunun səviyyəsi yeni başlandığı üçün aşağı səviyyədədir. Düşünürəm ki, növbəti 5 ildə Azərbaycanda süni zəka sahəsində böyük sıçrayış olacaq. Bu prosesi yaxından izləyirik”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə