Ukraynanın ən böyük mobil operatoru haker hücumuna məruz qalıb

Ukraynanın ən böyük mobil operatoru “Kyivstar”ın milyonlarla abunəçisi dekabrın 12-də səhər saatlarında rabitəsiz qalıb. Şirkət uğursuzluğu haker hücumu ilə izah edir. “Forbes” jurnalının Ukrayna nəşri xəbər verir ki, şirkətin abunəçiləri arasında ölkənin 24 milyondan çox sakini var.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, baş nazirin müavini Aleksandr Kubrakov günün ortasında mediaya, operatorun dörd-beş saatdan sonra işini bərpa edəcəyini bildirib.
“dev.ua” nəşri mənbələrə istinadən bildirir ki, hakerlər “Kyivstar” əsas şəbəkəsinə - operatorun əsas xidmətlərin işini təmin etmək və əlaqələndirmək üçün məsul olan mərkəzləşdirilmiş hissəsinə hücum ediblər.

Baza stansiyalarının həddindən artıq yüklənməsi səbəbindən digər mobil rabitə şirkətlərinin abunəçiləri də rabitə problemləri ilə üzləşirlər.

Şirkət və Ukrayna hakimiyyəti hücumun kim tərəfindən həyata keçirildiyini açıqlamasa da, ölkənin şəbəkələri və infrastrukturu əvvəllər dəfələrlə Rusiya ilə əlaqəli hakerlər tərəfindən hücuma məruz qalıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə