"Azərbaycanda robot sahəsinin inkişafı üçün görüləcək işlərin sayı çoxdur" MÜTƏXƏSSİS AÇIQLADI

“Azərbaycanda robot texnologiyası sahəsi ümumiyyətlə inkişaf etməyib. Bu sahədə olan hansısa hərəkət rıçaqları, mexanizmləri bugün yoxdur”. Bu barədə SİA-ya açıqlamasında Sky Life Industry təsisçisi Tural İsmayılzadə bildirib.

Onun sözlərinə görə Azərbaycan müəyyən robot texnologiya yarışlarına çıxıb, kubok tutması sadə həllərin olmasıdır: “Hansısa problemləri həll etmək robot texnologiyasının inkişafı demək deyil. Robotlarla oyuncaq qura, yarışdıra bilərsən. Hətta xaricdə robotların döyüşü həyata keçirilir. Burada insanlar ixtiraçı deyillər. Bu robot sahəsinin inkişaf etməsi deyil, robot oyunları sahəsinin inkişaf etməsidir. Robotun inkişafı onun istehsalından, nə qədər məhsul hazırlanmasından asılıdır. Bu hardware, software inkişafına gəlir. Bizdə software inkişaf edir. Hər kəs mobil app-ləri qururlar, bunun üzərindən investisiyalar alırlar. Burada nəsə olur, amma hardware tərəfdən nə iş adamları, nə də dövlət qurumları bu sahənin inkişafında qətiyyətlə maraqlı deyillər. Bu sahə investisiya qoyulmayan sahələrdən biridir. Daha çox risk alınar deyə, kimsə bu sahəyə investisiya qoymaq istəmir. Hardware tərəfi uzun illər və böyük bir sənaye qurulmasını tələb etdiyi üçün Azərbaycan mühiti buna hazır deyil”.

T.İsmayılzadə bildirib ki, Azərbaycanda robot sahəsinin inkişafı üçün görüləcək işlərin sayı çoxdur. “Texnologiyaların, innovasiyaların müəyyən bir parçalarının detallarının satışı, istehsalından başlanılmalıdır. Bu sahəyə investorlar cəlb olunmalı, onlar arasında təbliğat aparılmalıdır. Eyni zamanda vergi mühiti də sadələşdirilməli, gənclərin investisiyalara əlçatanlığı artırılmalıdır. Dövlət qurumlarının texnoloqlarla işləmələrini asanlaşdırmaq, bu sahədə müəyyən platforma yaratmaq lazımdır. Robot texnologiyası sahəsində bugün kurslar, texnoparklar var, amma onlar nə qədər fəaliyyət göstərə bilirlər, imkanlarını gənclərə açırlar bu özü mübahisəli məsələdir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə