5 Mart Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı - İDMANÇILARIN FİKİRLƏRİ- SORĞU
Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha da geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Mövzu ilə əlaqədar olaraq SİA idmançılar arasında sorğu keçirib.
Azərbaycan Strongman Federasiyasının məşqçisi Tuncay Almuradlı: “Mən bir məşqçi və təlimçi kimi Azərbaycanın bütün idman tərbiyəçilərini və idman ictimaiyyətini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Bu günü əminəm ki, hamı yüksək idman abu-havasında qeyd edəcək. Bütün gənclərə hərbi vətənpərvərlik tərbiyəsi ilə fiziki hazırlıqlara ciddi yanaşmalarını məsləhət görürəm. Həmçinin bu gün ölkəmizdə gənclərin sağlamlıqlarının qorunması və möhkəmlənməsi fonunda onların fiziki hazırlıqlarının önəmli rolu vardır. Ölkəmizdə demək olar ki, hər gün idman tədbirləri keçirilir. Fitnes və Olimpiya mərkəzləri istifadəyə verilir. İnsanların boş vaxtlarını daha səmərəli keçirməsi üçün idmanla məşğul ola bilərlər. İdmanla məşğul olmağın yaşı olmur”.
Kəpəz idman klubunun futbolçusu Tural Rzayev: “Ölkəmizdə idmana qayğı yüksək səviyyədədir. Hər keçən gün daha da artır. Cənab Prezident İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin rəhbəridir. Onun fəaliyyəti dövründə hər keçən gün idmanla bağlı saysız-hesabsız yarışlar və turnirlər təşkil olunur. Hər bir rayonumuzda Milli Olimpiya Komplekslərinin olması və bu gün də bu tikililərin həyata keçirilməsi idmanla bağlı uğurlarımızla bilavasitə əlaqəlidir. İdmançılarımıza verilən dəyər, böyük yarışlarda qazanılan uğurlar və bunların qarşılığında göstərilən sevgi, qayğı danılmazdır. Bu da gənclərin idmana olan sevgisini artırır. Həmçinin qeyd etmək istərdim ki, ölkəmizdə genişmiqyaslı turnirlər təşkil olunur. Avropa Oyunları, İslam Oyunları və "Formula 1" yarışları və s. bunların hər biri bizim ölkəmizdə idmanın hansı məcrada inkişaf etməsindən xəbər verir. Bu kimi tədbirlərin keçirilməsi ölkəmizdə yüksək səviyyədə təşkil olunur. Ulu öndər Heydər Əliyev tərəfindən gənclərin sağlam yaşaması və idmanın inkişafı sahəsində qoyduğu ənənə cənab Prezidentimiz İlham Əliyev tərfindən də uğurla davam etdirilir”.
Böyüklərdən ibarət milli komandanın məşqçisi Mehman Əzizov: “Cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu gün 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Belə bir gündə valdeyinlərə məsləhət görə bilərəm ki, öz uşaqlarının sağlam gələcəklərinin olması üçün idmana yönəltsinlər. Çünki idman sağlam gələcəyin sütun təməlidir. İdmançılarımıza yeni nailiyyətlər arzu edirəm, hamsının canı sağlam və ömrü uzun olsun. Bütün idmançıları və idman sevərləri bu bayram münasibətilə təbrik edirəm”.
Kəpəz idman klubunun futbolçusu Roman Hüseynov: “İdman günü münasibəti ilə bütün idmançılarımızı təbrik edirəm. Ölkəmizdə idman sahəsində bir çox uğurlarımız və nailiyyətlərimiz getdikcə artır. Bunun əsas səbəbi ölkədə baş verən idman sahəsi ilə inkişafdan irəli gəlir. İnanıram ki, bu sahədəki nailiyyətlərimiz getdikcə artacaq.
Ümumiyyətlə ölkəmizdə idmançılara yüksək səviyyədə qayğı və sevgi nümayiş olunur. Bunun üçün də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərimi bildirirəm.
Ruf fitness mərkəzinin məşqçisi Qüdrət Nəbiyev: “Bütün gənclərə ilkin olaraq stresdən və gərginlikdən uzaq olmalarını tövsiyyə edirəm. Sağlam həyata başlamaq üçün ilkin növbədə idmanla məşğul olmaq lazımdır. Azərbaycanda idman sahəsində uğurlarımız kəskin şəkildə çoxdur. Bütün idmançılarımıza dərmansız və sağlam şəkildə idman etməklərini tövsiyyə edirəm. Ölkəmizdə idmana bağlı olan sevgi gənclərimizi bir daha bu sahəyə sövq edir. Gələcəkdə ümid edirəm ki, idmanımız daha da püxtələşəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə