Azərbaycan Voleybol Federasiyası turnir təşkil edib - FOTOLAR

Gənclər və İdman Nazirliyinin (GİN) fevralın 27-dən start verdiyi, 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində voleybol turnirinə start verilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil olunan yarışdan öncə turnirin açılış mərasimi olub. AVF-nin baş katibi Fərid Xəlilov və GİN-nin sektor müdiri Nicat Həsənov çıxış edərək komandalara uğurlar arzulayıblar.

Ardınca yarışın ilk matçının start fiti verilib. Bakı şəhərinin gənclər və idman idarələrinin əməkdaşlarından ibarət “Bakı” komandası və Gənclər və İdman Nazirliyinin "GİN" komandasına 2:0 (25:19, 25:18) hesabı ilə qalib gəlib. AVF-in “Veteranlar”ı isə jurnalistlərdən ibarət “Media” komandasını həmin hesabla (25:7, 25:7) məğlub edib.

Reqlamentə əsasən, sabah 1-ci yer uğrunda "Veteranlar" komandası "Bakı" ilə, 3-cü yer üçün isə "Media" "GİN" komandası ilə mübarizə aparacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə