Azərbaycan gimnastları 3 beynəlxalq turnirdə ümumilikdə 8 medal qazanıblar

Azərbaycan gimnastları ötən həftə keçirilən beynəlxalq turnirlərdə 8 medal qazanıblar.

Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, idman gimnastı Nikita Simonov Türkiyənin Antalya şəhərində təşkil olunan Dünya Kubokunda 3-cü yeri tutub. O, finalda 14.100 xal toplayıb.

Niderlandın Alkmaar şəhərində baş tutan batut gimnastikası üzrə Dünya Kubokunda qarışıq sinxron cütlüyü Selcan Mahsudova və Maqsud Maqsudov 51.090 xalla ikinci, sinxron proqramda isə kişi cütlüyü Hüseyn Abbasov və Maqsud Maqsudov üçüncü olublar.

Həmin şəhərdə keçirilən batut gimnastikası üzrə “Dutch Trampoline Open” beynəlxalq turnirində isə fərdi proqramda gimnastlarımız medal sıralamasında yer alaraq Azərbaycanı layiqincə təmsil ediblər. Belə ki, Selcan Mahsudova 56.580 xalla, Maqsud Mahsudov 60.030 xalla fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Hüseyn Abbasov isə 57.410 xalla bürünc medala layiq görülüb.

Sinxron proqramda Ömər Qasımlı və Muhamməd Həsənli 43.680 xalla qızıl, Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü isə 51.530 xalla gümüş mükafat əldə edib.

Qeyd edək ki, Selcan Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə