“Gəncə” basketbol klubu Azərbaycan Kubokundakı qələbəsi ilə yeni bir uğura imza atdı - Araz Paşayev

Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunun final mərhələsi keçirilib. Həlledici qarşılaşmada “Gəncə” basketbol klubu ilə “Sabah” basketbol klubu üz-üzə gəlib. Yüksək temp və gərgin mübarizə şəraitində keçən final görüşündə Gəncə təmsilçiləri daha üstün oyun nümayiş etdirərək 89:82 hesablı qələbə qazanıb və Azərbaycan Kubokuna sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan Kuboku ölkə basketbolunda 12 peşəkar klubun mübarizə apardığı iki əsas turnirdən biridir və bu da yarışdakı rəqabətin nə qədər yüksək olduğunu göstərir. “Gəncə” basketbol klubu kuboka gedən yolda güclü rəqibləri məğlub edib: 1/4 finalda “Neftçi” İdman Klubu, yarımfinalda “Şəki” basketbol klubu, finalda isə 3 qat Azərbaycan çempionu olan “Sabah” basketbol klubu üzərində qələbə qazanıb.

Sentyabr ayından etibarən ETİHİ Respublika Komitəsinin idarəçiliyinə keçən “Gəncə” klubunun daha peşəkar səviyyədə formalaşması və qısa müddətdə uğur qazanması üçün mühüm addımlar atılıb. Son 6 ay ərzində klubun maddi-texniki bazası gücləndirilib, fəaliyyətinin səmərəli təşkili üçün zəruri infrastruktur, avadanlıq və resurslarla təmin olunub.

Hazırda A qrupunda çıxış edən və turnir cədvəlində 3-cü yerdə qərarlaşan “Gəncə” basketbol klubunun əsas hədəfi liqada da mükafatçılar sırasında yer almaq, kubokdakı uğurun davamını gətirməkdir. Bununla yanaşı, klub növbəti mövsümdə Avropa basketbolunda Azərbaycan və Gəncə adını layiqincə təmsil etməyi qarşıya məqsəd qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə