“Qarabağ bu dəfə qələbəyə çox yaxın idi, amma fiziki hazırlıq fərqi öz sözünü dedi” - Nurlan Hacıyev DANIŞDI

"Əslində biz oyunun gedişatından əvvəl, gəlin bir az da o oyundan əvvəl baş verənlər haqqında danışaq. İlk növbədə orada insanlar, ailə ilə gələnlər, uşaqlar – soyuq hava və yağışa baxmayaraq, stadiona gələrək komandaya dəstək olurdular. Bu hissi azarkeşlərə yaşatmaq özü çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında idman jurnalisti Nurlan Hacıyev deyib.

Nurlan Hacıyev sözlərinə davam edərək bildirib ki, biz “Qarabağ”ın “Napoli” ilə oyunu öncəsi Kontenin klubdan 5–7 günlük bir icazə istədiyini gördük, və o yenidən komandaya qoşularaq, komanda toparladı: "Klub rəhbərliyi də bu müddətdə müəyyən hisslər yaşayırdı. Ola bilsin, bu dönəmdə klub rəhbərliyi müəyyən qərarlar qəbul etdi. Klub tərəfindən Konteyə qışda transferlərin edilməsi sözü verildi və komanda artıq toparlanmağa başladı. Ölkə çempionatında qələbə qazandılar, “Roma” ilə oyundan sonra da uğur əldə etdilər. Beləcə, “Qarabağ”ı məğlub edə bildilər və komandanın ətrafındakı ajiotaj da səngidi. Lakin klubumuzda bu dəfə alınmadı, amma burada əsas məsələ iki komandanın fiziki hazırlıq səviyyəsidir. Biz 2:1 hesabı ilə öndə idik. “Ayaks” isə son dəqiqələrdə ehtiyat oyunçularını meydana buraxdı. Dörd hücumçu birdən daxil oldu və bunların hamısı əsas heyət oyunçuları idi. “Ayaks” isə o qədər də yaxşı vəziyyətdə deyildi. “Çempionlar Liqası”nda bütün oyunlarını uduzmuşdular. Hətta “Qroningen”lə oyundan əvvəl azarkeşlər stadionda elə bir münaqişə yaratmışdılar ki, stadionu yandırmağa çalışdılar. Oyun təxirə salındı. Həmin olaydan sonra komanda toparlandı. Azarkeşlərin bu “çılğınlığı” bir qədər müsbət təsir etdi. Hələ də yeni baş məşqçi axtarışındadırlar, amma nəticələr yavaş-yavaş yaxşılaşır. Son turda da qalib gəldilər. Yəni “Ayaks” “Qarabağ”la oyundan əvvəl toparlanmışdı. Bu isə bizim üçün əlavə bir təzyiq idi.

“Qarabağ”da isə Nəriman Axundzadə meydana məcburiyyətdən daxil oldu. Çünki Duran artıq yorulmuşdu. “Andrade” isə ümumiyyətlə, 60-cı dəqiqədən sonra meydanda qala bilmir. Bu, hər matçda yaşanır. Andrade çox vacib fiqurdur, amma 60-dan sonra hər dəfə əvəzlənir. Onun əvəzlənməsi komandaya təsir edir. Onun yerinə daxil olan isə çox vaxt gözləniləni vermir. Məsələn, bu oyunda da Nəriman Axundzadəyə tənqidlər oldu. Komanda öndə olsa da, o, yaxşı oynamadı, qol vura bilmədi. Müdafiədə də zəifliklər oldu. Kevin Medina və Bəhlul Mustafazadə yorulmuşdu. Amma məncə, əsas zəif nöqtə Elvin Cəfərquliyev idi. Onun daha tez əvəzlənməsi lazım idi. Çünki onun cinahından bir neçə hücum keçdi və oradan ötürmələrlə qollar gəldi. Biz dostlarla baxanda da bu haqda danışırdıq.

Digər tərəfdən, biz “Qarabağ”dan hər dəfə daha çoxunu gözləyirik. Çünki komanda elə bir səviyyəyə çatıb ki, istər-istəməz hər oyundan qələbə gözləyirik. Amma bu, “Çempionlar Liqası”dır. Hətta “Qarabağ”ın məğlub etdiyi “Benfika” ev oyununda “Napoli”yə 0:2 hesabı ilə məğlub oldu. Dünən “Konfrans Liqası” və “Avropa Liqası”nda elə nəticələr gördük ki, futbol çox dəyişib. Müxtəlif ölkələrin komandaları qarşılaşanda fərqli nüansları da nəzərə almaq lazımdır.

Ötən mövsümdə “Ayaks”la oyunu 0:3 uduzmuşduq. Bu dəfə isə artıq qələbəyə yaxın idik. Bu, “Qarabağ”ın zəiflədiyini deyil, əksinə, inkişaf etdiyini göstərir. Artıq 5-ci oyundur ki, ardıcıl olaraq “Qarabağ” öz meydanında ən azı bir qol vurur. Hətta “Çelsi”yə qarşı belə qol vurmaq imkanlarımız olmuşdu.

“Medina” da meydanda çox yorulmuşdu, amma onu əvəzləmək də çətin idi. Çünki meydana daxil ediləcək başqa müdafiəçi yox idi. Eyni hal “Napoli” ilə oyunda da yaşanmışdı və dəyişiklik effekt verməmişdi. “Jankoviç” də oyunun son 10–15 dəqiqəsində meydanda “yox idi”. Amma heç kim “Jankoviç”dən danışmır. Bu oyun göstərdi ki, “Qarabağ”ın oyunçularının fiziki hazırlığı Avropa klubları ilə eyni səviyyədə deyil. Bu da tək komandanın deyil, ümumi futbolçuların keyfiyyəti ilə bağlıdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə