“Qarabağın üstünlüyü qorumaqda çətinlik çəkməsi matçın taleyini dəyişdi” - ŞƏRH EDİLDİ

“Qarabağ”ın “Ayaks” qarşısında iki dəfə hesabda önə keçməsinə baxmayaraq üstünlüyü qoruya bilməməsi bir neçə əsas amillə bağlıdır. İlk növbədə, komandanın oyun idarəetməsində ciddi boşluqlar müşahidə olundu". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, ilk 20 dəqiqədə sərgilənən yüksək pressinq və dinamik hücumlar matçın qalan hissəsində eyni intensivliklə davam etdirilə bilmədi: "Bu isə “Ayaks” kimi topa nəzarətdə güclü olan bir komanda qarşısında problem yaratdı. Müdafiə xəttinin dayanma prinsiplərində də çatışmazlıqlar açıq şəkildə görünürdü. Xüsusilə cinah müdafiəçilərinin geriyə dönüşlərində gecikmələr, mərkəzdə boş zonaların yaranmasına səbəb oldu. “Ayaks” məhz bu zonaları çox sürətli şəkildə dəyərləndirərək matçın axarını dəyişməyi bacardı. “Qarabağ” isə topu itirdikdən sonra kollektiv şəkildə geriyə çəkilmədə yavaşıdı və bu, əsasən ikinci hissənin sonlarında özünü daha qabarıq göstərdi. Sonradan oyuna daxil olan futbolçuların təsir gücünün aşağı olması da məğlubiyyətin səbəblərindən biridir. Nəriman Axundzadənin meydana daxil olmasına baxmayaraq oyuna ritm qatması, hücumun son mərhələlərində yaradıcı həllər təqdim etməsi müşahidə olunmadı. Bu isə “Qarabağ”ın hücum müxtəlifliyini azaltdı və komanda hesabı qorumaq üçün lazımi temp və təzyiqi davam etdirə bilmədi.

Taktiki baxımdan komandanın üstünlüyü qorumaq üçün daha çox topa sahib olmağa yönəlməsi vacib idi. Müdafiəyə qapanmaq əvəzinə orta sahəni möhkəmləndirmək və rəqibin quruculuq mərhələsində təzyiqi artırmaq məntiqli olardı. Psixoloji aspektdə isə futbolçuların hesabı qorumaq üçün təcrübə və soyuqqanlılıq çatışmazlığı hiss olundu. Üstünlük əldə edildikdən sonra komandanın diqqətinin bir qədər aşağı düşməsi “Ayaks” kimi rəqiblər üçün fürsət qapısı açdı.

Ümumilikdə, “Qarabağ” bu matçdan ciddi dərslər çıxarmalı, xüsusilə müdafiə nizamı və oyun idarəetməsi üzərində daha dərindən işləməlidir. Bu məsələlər həll olunarsa, növbəti turlarda komandanın vəziyyətini sabitləşdirmək mümkündür".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə