"Azərbaycan futbolunun inkişafı üçün sistemli və peşəkar yanaşma vacibdir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu gün dünya futbolunda ən ciddi problemlərdən biri klubların maliyyə resurslarından sui-istifadə etməsi və "Financial Fair Play (FFP)" qaydalarına uyğun fəaliyyət göstərməməsidir. Bu qaydaların mahiyyəti ondan ibarətdir ki, klub qazandığından artıq xərcləməsin, borclanma yolu ilə süni şəkildə güclənməsin və ən əsası, idman rəqabətinin balansı qorunsun". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, əgər bu prinsiplərə əməl olunmursa, o zaman futbolun təbii rəqabət mühiti əhəmiyyətli dərəcədə pozulur: "Maliyyə feyr-pley qaydalarını pozan klublar transfer bazarında qeyri-real üstünlük əldə edirlər. Bu da digər klubları ya eyni yolu seçməyə məcbur edir, ya da onları inkişafdan kənarda qoyur. Nəticədə liqa daxilində güc balansı süni şəkildə dəyişir və idman nəticələri maliyyə imkanlarının kölgəsində qalır. Halbuki futbolun mahiyyəti meydandakı oyun, taktiki hazırlıq və klubun sistemli şəkildə qurduğu idman fəlsəfəsi olmalıdır.

FFP pozuntuları liqaların reputasiyasına da ciddi zərbə vurur. Əgər bir liqada klublar qeyri-şəffaf maliyyələşmə ilə fəaliyyət göstərirsə, orada sağlam rəqabətdən danışmaq mümkün deyil. Bu vəziyyət həm investorların, həm də beynəlxalq təşkilatların həmin liqaya olan etimadını azaldır. Futbol rəqabəti yalnız meydanda deyil, klub idarəçiliyi səviyyəsində də ədalət tələb edir. Qaydalara əməl etməyən klublar qısa müddətli nəticələr üçün böyük pullar xərcləyir və bu, uzunmüddətli inkişaf modelini zədələyir. Belə olan halda yerli istedadların yetişdirilməsi, infrastrukturun gücləndirilməsi və sürdürülebilir futbol sistemi qurmaq arxa plana keçir. Maliyyə feyr-pley qaydaları yalnız maliyyə nizamı üçün deyil, futbolun təmizliyinin qorunması üçün vacibdir. Bu qaydalar tətbiq edilmədikdə liqanın dəyəri azalır, rəqabət bərabərliyi pozulur və futbolun inkişaf dinamikası zəifləyir. Ədalətli maliyyə siyasəti olmadan sağlam futbol ekosistemi yaratmaq mümkün deyil".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə