Stolüstü tennisçilər Azərbaycan Kubokunda mübarizəyə start veriblər

Stolüstü tennisçilər Azərbaycan Kubokunda mübarizəyə start veriblər. SİA xəbər verir ki, bu gün başlayan yarışda Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonları təmsil edən idmançılar mübarizə aparırlar.

"Şüa" İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və qurumun baş katibi Könül Mikayılova onlara uğurlar arzulayıb.

Federasiya rəsmiləri həmçinin VI İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətdən söz açıb, yarışın bürünc mükafatçıları Adil Əhmədzadə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovanı təbrik ediblər.

Ardınca meydan idmançıların ixtiyarına verilib. Budəfəki turnirə 14 və 18 yaşadək stolüstü tennisçilər qatılıblar. 4 gün davam edəcək yarışda komanda, şəxsi, qoşa, və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşəcək. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə