İdmanda psixoloji hazırlıq fiziki hazırlıq qədər önəmlidirmi? - PSİXOLOQ AÇIQLADI

"Əvvəlcə onu qeyd edim ki, hər bir uşağı idmana yönləndirərkən ilk öncə onun psixoloji hazırlığı vacibdir. Uşaqda həmin idman növünə qarşı marağın və sevginin artırılması, eyni zamanda qorxunun aradan qaldırılması önəmli faktorlardandır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, çox vaxt görürsünüz ki, uşaqlar idman yarışlarını izləyərkən deyirlər: “Mən də çempion olacam.” O an valideynlərin diqqətli davranması çox vacibdir. Təəssüf ki, bəzi valideynlər düşünür ki, uşaq daha çox təhsilə, musiqiyə yönəlsin, idman isə zədə təhlükəsi baxımından təhlükəlidir. Buna görə də, bəzən uşaqlarını idmandan uzaqlaşdırırlar: "Mənə müraciət edən bəzi gənclər var ki, 20–25 yaş aralığındadırlar və deyirlər: “Uşaq vaxtı futbolçu olmaq istəyirdim, amma valideynlərim icazə vermədi. Deyirdilər ayağını sındırarsan, zədə alarsan.” Bu yalnız futbola deyil, digər idman növlərinə də aiddir. Qaydasız döyüşlər, boks və s. barədə də valideynlər oxşar narahatlıqlar keçirir və yanlış olaraq bu zədələrin psixoloji xəstəliklərə səbəb ola biləcəyini düşünürlər.

Beləliklə, idmana başlamazdan əvvəl psixoloji hazırlıq şərtdir. İdmanı sevən, ona könül verən, onun uğurlarını təsəvvür edən bir insan sonradan fiziki hazırlıqda da uğurlu ola bilər. Psixoloji olaraq hazır olan insan idmanda uğur qazanmaq üçün daha motivasiyalı olur. Fiziki hazırlıq ikinci mərhələdə gəlir. Amma psixoloji hazırlıq olmadan heç bir uğur gözləmək olmaz. Şükürlər olsun ki, bu gün peşəkar idman müəllimlərimiz var. Əsas məsələ valideynlərin onlara övladlarını etibar edə bilməsidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə