Hakimlik sənət deyil, vicdan işidir

Cüdo – sadəcə bir idman növü deyil, həm də etikaya, hörmətə və intizama əsaslanan bir həyat fəlsəfəsidir. Bu fəlsəfənin mərkəzində isə ədalət dayanır. Yarışlarda bu ədaləti qoruyan əsas fiqurlardan biri isə hakimdir.

Cüdo hakimi yalnız qaydaları tətbiq edən şəxs deyil, görüşün ruhunu yaşadan və qoruyan bir münsifdir. Onun əsas vəzifəsi, qarşılaşmanın qaydalara uyğun və təhlükəsiz keçməsini təmin etməkdir.

Amma bu təkcə texniki məsələ deyil. Ədalətli qərar həm fiziki, həm də mənəvi balansın qorunmasıdır.

Son illərdə texnologiya, xüsusilə video dəstək sistemi (VAR) – cüdo yarışlarında ədalətin təminində mühüm rol oynayır. Lakin heç bir texnologiya hakimin vicdanını əvəz edə bilməz. O, yalnız qərarı təsdiqləyə və ya kömək edə bilər. Əsas məsuliyyət yenə də hakimin çiynindədir.

Bəzən bir qərar, bir idmançının illərlə hazırlaşdığı bir yarışın taleyini həll edir. O anda hakimin peşəkarlığı, soyuqqanlılığı və obyektivliyi ilə ədalət ya təmin olunur, ya da pozulur.

Cüdo hakimi olmaq – sadəcə qaydanı bilmək deyil, ədaləti daşımaq məsuliyyətidir. Tatamidə verilən hər qərar, bir gəncin ədalətə olan inamını ya möhkəmləndirir, ya da sarsıdır.

Bu səbəbdən qəti şəkildə deyərdim ki, hakimlik sənət deyil, vicdan işidir!

Bu ifadə cüdo kimi dürüstlüyə və hörmətə əsaslanan bir idman növündə hər şeyi izah edir.

Hakimlik zahirən bir peşə kimi görünə bilər – qaydaları bilmək, fəndləri tanımaq, prosedurlara əməl etmək... Amma bu işin ruhu vicdandadır.

Sən fəndi görə bilərsən, lakin onu düzgün qiymətləndirmək üçün içindəki dürüstlüyü, cəsarəti və tərəfsizliyi ortaya qoymalısan. Çünki sən yalnız qaydalara deyil, ədalətə xidmət edirsən.

Sənət insanı gözəlliyə aparır, vicdan isə ədalətə.

Nəticə:

Hakimlik sənəti yoxdursa – səhv olar.
Vicdan yoxdursa – haqsızlıq.

Cüdo hakiminin verdiyi hər qərar bir idmançının idman yoluna, mənəviyyatına, ədalətə olan baxışına birbaşa təsir edir. Hakim – sadəcə hər hansısa bir görüşü idarə etmir, o, gənc nəsil üçün ədalətin simvoluna çevrilir. Ona görə də hər hakimin daşıdığı yük, yalnız qaydalar toplusu deyil, həm də bir cəmiyyətin ədalətə olan ümididir.

Mətin Rəhimli (Azərbaycan Cüdo Federasiyasının hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim)

Bütün xəbərlər Facebook səhifəmizdə