Harri Keynə heykəl qoyuldu - FOTOLAR

İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keynin Londonda heykəli hazırlanıb. SİA bu barədə BBC-yə istinadən xəbər verir.

Heykəl Keynin futbol oynağa başladığı Londondakı “Peter May” İdman Mərkəzində yerləşdirilib.

Heykəldə futbolçunun 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində Litvaya vurduğu qolu təsvir olunub. Heykəlin hazırlanması üçün 7 200 funt-sterlinq xərclənib.

Forvardın özü də heykəlin açılış mərasimində iştirak edib.

“Futbol həyatımın başladığı yerə qayıtmaq və abidəni açmaq mənim üçün qürurverici bir məqamdır. Ümidvaram ki, bu, gələcək nəsil futbolçularını çox işləməyə və özlərinə inanmağa, ruhlandırmağa kömək edəcək”, - deyə Keyn sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro qarşılığında “Bavariya”ya keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 16 oyuna çıxıb, 17 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Onu da bildirək ki, Keyn karyerası ərzində heç vaxt titul qazanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə