2023 "Formula 1" Azərbaycan Qran-prisi ötən gün başa çatdı. Azarkeş sayına görə bu il rekord vuran "Formula 1" yarışlarına 100 ölkədən çox turist gəlmişdi. 30 minə yaxın sürət həvəskarının canlı izlədiyi Azərbaycan Qran Prisinin qalibi "Red Bull"dan Serxios Peres olub. 7 il "Formula 1" yarışlarına ev sahibliyi edən Azərbaycan növbəti 3 ildə də bu yarışın mərkəzinə çevriləcək. Belə ki, 2026-cı ilədək "Formula 1" yarışları Bakıda keçiriləcək. Gəlin görək paytaxt sakinləri 2023 "Formula 1" Qran-prisi barədə nə düşünür? Bu il keçirilən "Formula 1" yarışları onlarda hansı təəssüratlarla yadda qalıb? Mövzu ilə əlaqədar SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik.
Şəhər sakini Nicat Məmmədov: "Mən restoranda çalışıram və üç gün içərisində "Formula 1" yarışlarının davam etdiyi günlər demək olar ki, şəhərin mərkəzində yerləşən bütün restoranlar insan çoxluğuna bürünmüşdü. Hətta gecə saatlarına qədər turistlər restoranlara qida qəbul etmək üçün üz tuturdular. Məncə, bu, ölkəyə gələn gəlirlərin artırılması və restoran sisteminin daha işlək bir formada fəaliyyət göstərməsi üçün yaxşıdır. Ümidvaram ki, gələn illərdə "Formula 1" yarışları zamanı ölkəyə turist axını daha çox olar".
Şəhər sakini Elmira Sultanova: "Mən "Formula 1" yarışlarını çox sevirəm. Hətta bu il izləyici kimi bilet alıb getmişdim ki, bu yarışın həyəcanını daha yaxşı hiss edə bilim. Düşünürəm ki, bu cür beynəlxalq oyunlar ölkəmiz üçün mühümdür. Düzdür, yollarda oyun günləri bəzi problemlər yaransa da, məncə, müvəqqətidir. Ona görə də müəyyən şeylərə bir neçə gün səbr etmək olar".
Şəhər sakini Yavər Nurullayev: “Təbii ki, belə yarışların ölkəmizdə keçirilməsi bizə turist baxımından müsbət təsir göstərir. Şəhər sakinləri yarış günlərində yollarda müəyyən problemlərlə üzləşirlər. Bu baxımdan, bir çox insan çətinlik çəkir. Amma hesab edirəm ki, belə yarışları izləmək zövqvericidir”.
Şəhər sakini Şəbnəm Nəzərova: "Artıq uzun müddətdir ki, hər il ölkəmizdə "Formula 1" yarışları təşkil olunur. Düşünürəm ki, bu cür yarışların ölkəmizdə keçirilməsi müsbət bir addımdır. Çünki belə yarışlar bizim ölkəmizi bütün dünyada tanıdır və məşhurlaşdırır. Bir azərbaycanlı kimi mən də bu yarışları izləmək istərdim”.
Şəhər sakini Sevin Qıyaflı: "Məncə belə yarışlar çox maraqlıdır. Bir izləyici kimi yox, könüllü şəkildə ralli yarışlarında iştirak etmişəm. Bu səbəbdən yarışı canlı izləmək imkanım olub. Təbii ki, hər kəsin ideal bildiyi bir idman növü var. Fikrimcə, "Formula 1" yarışlarını da izləmək istəyən insanların sayı az deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə