Neftçilərimizin əziyyəti danılmazdır - MƏQALƏ

Azərbaycan neftçisi hər zaman əziyyətli və şərəfli peşəsinin haqqından layiqincə gəlib. O peşəsinin nə qədər əziyyətli, əhəmiyyətli olduğunun dərk edib və daim işinə xüsusi diqqət edərək pəşəkarlıqla yanaşıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanda Neft strategiyası uğurla davam etdirilir. Bu strategiyanın əsası “Əsrin müqalivəsin”dən başlanır. Ulu Öndər Heydər Əliyev Azərbaycan neftçisinin peşəsini daha da özəl etmək üçün 20 sentyabr gününü onlara bəxş edib.
20 sentyabr 1994-cü ildə ''Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü'' üzrə birinci saziş imzalandı. Sonralar “Əsrin müqaviləsi” adı ilə məşhurlaşan bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açdı. Aparılan neft siyasəti nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli yer tutmağa başlamışdır. Bu, neftimizin və neftçilərimizin çatdığı zirvə, qazandığı qələbə idi. Ulu öndərin uzaqgörən neft siyasətini bu gün Cənab prezident İlham Əliyev uğurla və qətiyyətlə davam etdirir. Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilmişdir. Təbii ki, Azərbaycan neft sektorunun yüksəlişində nefçilərimizin rolu danılmazdır. Ölkəmizin neft sənayesi Ağa Nemətulla, Süleymanov Ələkbər, Xanoğlan Bayramov, Bəhman Hacıyev, Mirkazım Məmmədov, Ağa Əliyev, Ənvər Məmmədov, Yusif Kərimov, Neftçi Qurban, Cümşüd İbrahimov, Əli Əmirov, Qaraş Əmirov, Rüstəm Rüstəmov, Baba Babazadə, Fuad Səmədovun və digərlərinin əməyi sayəsində inkişaf etmişdir. Neft yataqları neçə illərdir minlərlə azərbaycanlının iş yeri, neftçi peşəsi isə çörək ağacı, şöhrət tacıdır.
1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 27 saziş imzalanmışdır. Sazişlər Azərbaycan neft siyasəti üçün önəmlidir. Sazişlərin həyata keçirilməsi ilə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayesinin yeni, güclü infrastrukturu yaranacaqdır. Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bu məbləğdən 4,5 milyardı artıq ölkəmizə investisiya şəklində qoyulmuşdur.
Hazırda Azərbaycanın bütün kateqoriyaları üzrə karbohidrogen ehtiyatları 4 milyard tondan çoxdur ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır.
Neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. Beləliklə, Azərbaycan neftinin Türkiyəyə nəql olunması barədə mühüm hökumətlərarası sazişlər imzalanmışdır.
Neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

Qönçə Quliyeva

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə