Şiddətə meyillilik ailədə formalaşan fenomendir - SOSİOLOQ ŞƏRH ETDİ

"Gənclərin aqressivliyə, şiddətə meyil etməsi yalnız bu günün deyil, insanlığın mövcud olduğu bütün dövrlərin ən aktual problemlərindən biri olub. Çünki şiddətə meyillilik ilk olaraq insanın bioloji təbiətindən irəli gəlir. Bütün cəmiyyət şiddətə meylin qarşısını almaq üçün müvafiq sosial mexanizmlər hazırlayıb". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Asif Bayramov deyib.
Onun sözlərinə görə, bu sosial mexanizmlərin sırasında daha çox dini əxlaqi dəyərləri görə bilərik: "Dini əxlaqın zəif olduğu cəmiyyətdə bu missiyanı daha çox sosial əxlaq öz üzərinə götürüb. Ancaq dövrümüzdə dini şüurun zəiflədiyi bir məqamda həmin aqressiyanın cilovlanması missiyasını qanunvericilik, hüquq yerinə yetirir. Amma bu şiddətə meyillilik cəmiyyətdə özünü göstərmədən öncə ailə institutunda formalaşan bir fenomendir. Əgər ailədaxilində ata hakimdirsə və onun zəhmi ailədə hər kəs tərəfindən qəbul olunubsa, o zaman keçid dövründə gənclərdə aqressiya qəhrəmanlığa çevrilir. Amma ailədə kişi zəhmi və mövqeyi zəifdirsə, onda bu aqressiya aktı cinayətkarlığa çevrilir". Sosioloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, son illər ərzində Azərbaycan cəmiyyətində ənənəvi ailə institutu sürətlə aşınma prosesi yaşamaqdadır: "Burada hər kəsin daşıdığı məsuliyyət var. İlk növbədə cəmiyyətdə aqressiyanın qarşısını almaq üçün ənənəvi ailə institutu özünün klassik formasını qoruyub saxlamalıdır. O klassik formaya xələl gələndə yalnız ailə institutu çat vermir. Onun nəzarətində formalaşan aqressiya cinayətə doğru sürüklənir. Bunun nəticəsində, ölkədə nəzarətsiz qalan kifayət qədər gənc yetişir. Həmin nəsil cəmiyyətdə aressiya nisbətini artırır. Bu artan aqressiyanın qarşısını almaq üçün ənənəvi ailə modelimizi Qərbin aşındırıcı təsirlərindən qorumalıyıq.
Eyni zamanda, iqtisadi problemlər də ailə arasında aqressiyanın səviyyəsini artırır. Dolanışıqla bağlı çətinliklər bu aqressiyasını, şiddəti daha da gücləndirən fakt kimi çıxış edir. Hesab edirəm ki, dövlət qurumları cəmiyyətdə şiddətə meyilliliyin qarşısını alacaq yeni dövlət proqramları üzərində işləməli, əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, ailə institutunun möhkəmlənməsinə istiqamətlənən tədbirlər sistemi hazırlamalı və onu icra etməlidirlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə