Son bir ildə 32 uşaq doğma ailələrinə qayıdıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1121 nəfər daimi dövlət təminatında yaşayır. Onlardan 294-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar olmaqla, Fondun 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayır.

Sosial xidmət müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi-reabilitasiya xidmətləri ilə təmin olunurlar. Həmin müəssisələrdə sakinlərin normal yaşayışı, habelə reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Eyni zamanda, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, ümumən sosial xidmət müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması sahəsində də işlər aparılır. Onu da qeyd edək ki, bəzən valideynlər həmin sosial müəssisələrdəki uşaqları ilə görüşə gələrkən, bu müəssisələrdə aparılan reabilitasiya işləri nəticəsində övladlarının davranışında müsbət dəyişikliklər görərək onları yenidən ailələrinə qaytarırlar.

Görülən tədbirlərin nəticəsi kimi, son bir ildə sosial xidmət müəssisələrindən 32 uşaq yenidən doğma ailələrinə qayıdıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə