“Azərbaycanşünaslığa giriş” kitabının təqdimatı olub

Bu gün Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış "Azərbaycanşünaslığa giriş" kitabının təqdimat mərasimi olub. SİA-nın məlumatına görə, mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev Azərbaycançılıq ideyasının təbliğində və Azərbaycanşünaslıq elminin inkişafında BSU-nun rolundan danışıb: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Bakı Slavyan Universitetində artıq on ildən çoxdur Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin yaradılmasının strateji əhəmiyyəti vardır. Yarandığı gündən BSU-nun xarici ölkə universitetləri ilə əlaqələrində Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə, azərbaycanşünaslığın təbliği dayanır".

Ulu öndərin yaratdığı azərbaycançılıq məfkurəsinin milli birliyə, xaricdə ölkəmizin təbliğinə yönəldiyini deyən rektor bu gün həmin məfkurənin Prezident İlham Əliyev tərəfindən dövlət siyasətinin əsası kimi inkişaf etdirildiyini vurğulayıb. Rektor öz çıxışında kitabın ərsəyə gəlməsində AMEA-nın həqiqi üzvü, professor Kamal Abdullayevin böyük xidmətini qeyd edib.

Mərasimdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov Azərbaycandakı və xaricdəki universitetlərdə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisinə başlanıldığını vurğulayaraq deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib.

Mərasim çərçivəsində BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun şöbə müdiri Abdulla Hacı Nəriman, BDU-nun dosenti Boran Əzizli, BSU əməkdaşlarından kitabın müəlliflərindən biri dosent Əsgər Əhməd, professorlar İlyas Həmidov, Rafiq Novruzov, Təvəkkül Şükürbəyli kitabla bağlı öz təəssüratlarını bölüşüblər. İştirakçılar kitabın xarici dillərə də tərcümə olunması fikrini irəli sürüb.

Qeyd edək ki, kitabda Azərbaycanşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, Azərbaycan dili, tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, coğrafiyasını öyrənmək arzusunda olan əcnəbilər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş oçerklər toplanıb. "Azərbaycanşünaslığa giriş" Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən dərs vəsaiti kimi təsdiq edilmişdir. Kitabın ön sözü AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, professor Kamal Abdullayev tərəfindən yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə