“Ailədaxili münasibətlər yeniyetmələrin davranışlarına ciddi təsir göstərir” -PSİXOLOQ DANIŞDI
“Yeniyetməlik dövrü psixoloji baxımdan həssas mərhələ olduğundan ailədaxili münasibətlər uşağın davranışlarına ciddi təsir göstərir. Ailədə sevgi və qayğı əvəzinə fiziki şiddətlə qarşılaşan, özünü təhlükədə hiss edən və zorakı davranışların şahidi olan uşaqlarda psixoloji gərginlik, özünəqapanma və aqressiv davranışlar formalaşa bilər. Bu dövrdə uşaqların emosional vəziyyətinə xüsusi diqqət yetirilməsi, onların hisslərinin və ehtiyaclarının nəzərə alınması vacibdir”.
Bu sözləri ailə və uşaq psixoloqu Aynur İsmayılova SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, fiziki və ya emosional şiddətə məruz qalan uşaqlar yaşadıqları hissləri düzgün ifadə etməkdə çətinlik çəkə bilərlər:
”Bəzən onlar qorxu, narahatlıq və qəzəblərini daxilində saxlayır, bu hisslərin öhdəsindən gəlmək üçün sağlam yollar tapa bilmirlər. Nəticədə həmin emosiyalar aqressiv davranışlar şəklində üzə çıxa bilər. Belə uşaqlar özlərindən zəif hesab etdikləri yaşıdlarına, məktəb yoldaşlarına və digər insanlara qarşı zorakı münasibət göstərə bilərlər. Bu cür davranışlar xüsusilə yeniyetməlik dövründə daha qabarıq şəkildə özünü büruzə verə bilər.
Psixoloq qeyd edib ki, uşağın davranışlarına yalnız ailə deyil, ətraf mühit, dost çevrəsi, məktəb münasibətləri və digər sosial amillər də təsir göstərir. Bununla belə, ailə uşağın ilk sosial mühiti olduğundan burada formalaşan münasibətlər onun dünyagörüşündə, insanlarla ünsiyyətində və münaqişələrə yanaşmasında mühüm rol oynayır. Əgər ailədə uşağa kifayət qədər sevgi və emosional dəstək göstərilmir, onun fikirlərinə hörmətlə yanaşılmır və ehtiyacları nəzərə alınmırsa, bu, uşağın özünü dəyərsiz hiss etməsinə və cəmiyyətlə münasibətlərində çətinliklər yaşamasına səbəb ola bilər.
Aynur İsmayılova bildirib ki, uşaqlar bəzən ailədə gördükləri davranışları normal münasibət forması kimi qəbul edir və sonradan həmin davranışları öz sosial çevrələrində təkrarlayırlar. Məsələn, ailədə problemlərin qışqırıq, təhqir və fiziki güc vasitəsilə həll edildiyini görən uşaq münaqişə zamanı eyni üsullara əl ata bilər. Buna görə də valideynlərin uşaqlara şəxsi nümunə göstərməsi, mübahisələri sakit danışıq və qarşılıqlı anlaşma yolu ilə həll etməsi xüsusi əhəmiyyət daşıyır.
Psixoloqun fikrincə, uşağın aqressiv davranış nümayiş etdirməsi hər zaman onun pis xarakterə malik olması demək deyil. Bəzən bu davranışlar uşağın yaşadığı emosional çətinliklərin, diqqət və qayğı ehtiyacının, yaxud özünü ifadə edə bilməməsinin göstəricisi ola bilər. Belə hallarda uşağı yalnız cəzalandırmaq və ya qınamaq problemi həll etmir. Əksinə, davranışın səbəblərini araşdırmaq, uşağı dinləmək və ona emosiyalarını düzgün idarə etməyi öyrətmək lazımdır.
Aynur İsmayılova vurğulayıb ki, uşaqların psixoloji sağlamlığının qorunması üçün ailədə etibarlı və təhlükəsiz mühit yaradılmalıdır. Uşağın özünü sərbəst ifadə edə bilməsi, problemlərini valideynləri ilə bölüşməkdən çəkinməməsi və başa düşüldüyünü hiss etməsi mühüm amillərdəndir. Valideynlər uşaqların davranışlarında baş verən dəyişikliklərə diqqət yetirməli, onların narahatlıqlarını kiçiltməməli və problemlərə laqeyd yanaşmamalıdırlar.
O əlavə edib ki, ailə ilə yanaşı, məktəb və cəmiyyət də uşaqların sağlam psixoloji inkişafında məsuliyyət daşıyır. Müəllimlər və məktəb psixoloqları uşaqlar arasında aqressiv davranışları, zorakılığı və münasibətlərdə yaranan problemləri vaxtında müəyyənləşdirməli, zəruri hallarda valideynlərlə əməkdaşlıq etməlidirlər. Uşaqlara empatiya, qarşılıqlı hörmət, məsuliyyət və münaqişələri zorakılığa əl atmadan həll etmək bacarıqlarının aşılanması gələcəkdə daha sağlam münasibətlərin qurulmasına kömək edə bilər.
Psixoloq hesab edir ki, uşağın emosional ehtiyaclarının vaxtında qarşılanması, ailədə sağlam münasibətlərin qurulması və ona düzgün davranış nümunələrinin göstərilməsi aqressiyanın qarşısının alınmasında mühüm rol oynayır. Əsas məqsəd uşağı qorxu və cəza ilə idarə etmək deyil, onun özünü təhlükəsiz hiss etdiyi, duyğularını düzgün ifadə etməyi öyrəndiyi və başqalarının hüquqlarına hörmət etdiyi bir mühit formalaşdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB