“Bütün E (YE) kodları zərərli deyil, lakin bəziləri sağlamlıq üçün risk daşıyır” - MÜTƏXƏSSİS

“Bütün E (YE) kodları zərərli deyil, lakin bəziləri sağlamlıq üçün risk daşıyır” - MÜTƏXƏSSİS

"E" kodları qida qatqı maddələrinə Avropa Birliyi tərəfindən verilən kodlardır. Bu kodlaşdırmada istifadə olunan “E” hərfi “Europe” (Avropa) sözündən götürülüb və qida əlavələrinin təsnifatı üçün istifadə olunur". Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, qida məhsullarına müxtəlif qida əlavələri əlavə edilir. Bunların hamısı zərərli deyil: "Bir çoxu bitki mənşəli, təbii mənşəli rəngləndiricilər, konservantlar, antioksidantlar, qatılaşdırıcılar, dadlandırıcılar və şirinləşdiricilərdir. Bitki mənşəli olanların müəyyən miqdarda istifadəsi beynəlxalq standartlara uyğun olaraq təhlükəsiz hesab olunur.

Faydalı hesab olunan əlavələr arasında C vitamini və A vitamini mənbələri, eləcə də E 440 kodu ilə tanınan pektin də var. Pektin meyvələrdən əldə olunur, qida sənayesində geniş istifadə edilir və elmi araşdırmalara əsasən təhlükəsiz hesab olunur.

Ancaq bəzi E kodları var ki, onların sağlamlıq üçün risk daşıdığı müəyyən edilib. Xüsusilə uşaqlarda və 25 yaşa qədər olan gənclərdə bu maddələrin təsiri daha ciddi ola bilər. Orqanizm inkişaf mərhələsində olduğu üçün zərərli kimyəvi maddələrin davamlı qəbulu inkişafın ləngiməsinə və daxili orqanların fəaliyyətinin pozulmasına səbəb ola bilər.

Daha çox diqqət yetirilməsi tövsiyə olunan maddələr bunlardır:

E 102 (Tartrazin) – süni sarı rəngləndiricidir.

E 110 (Sunset Yellow) – süni narıncı rəngləndiricidir.

E 211 (Sodium Benzoate) – bəzi hallarda uşaqlarda hiperaktivlik və allergik reaksiyalarla əlaqələndirilir.

E 250 (Sodium Nitrite) – əsasən ət və ət məhsullarında istifadə olunur və yüksək miqdarda qəbul edildikdə sağlamlıq üçün risk daşıya bilər.

Bu maddələrin hamısı hər ölkədə eyni qaydada istifadə olunmur. Bəzilərinin istifadəsi müəyyən ölkələrdə qadağandır, bəzilərində isə yalnız xəbərdarlıq qeyd olunmaqla istifadəsinə icazə verilir. Xüsusilə azyaşlılar, xroniki xəstəliyi olanlar, allergiyası olanlar, immun sistemi zəif olan şəxslər, eləcə də hamilə və süd verən qadınlar məhsulların tərkibindəki YE kodlarına diqqət yetirməlidirlər.

Tərkibi tam göstərilməyən, mənşəyi məlum olmayan məhsullardan istifadə etmək tövsiyə edilmir.

Müasir dövrdə geniş istifadə olunan əlavələrdən biri də E 621 (Monosodium Glutamate – MSG) kodu ilə tanınan dad gücləndiricisidir. Bu maddə bir çox hazır qidalarda istifadə olunur. Həddindən artıq qəbul edildikdə artıq qida qəbuluna meyli artıra, piylənməyə səbəb ola və xüsusilə uşaqlarda hiperaktivlik və allergik reaksiyalar riskini yüksəldə bilər.

Ona görə də sağlamlığına dəyər verən insanlar qida məhsullarının tərkibini diqqətlə oxumalı, xüsusilə sağlamlıq üçün risk daşıyan E kodları olan məhsullardan mümkün qədər uzaq durmalıdırlar".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə