Maşın bazarında niyə durğunluq yaranıb? - EKSPERT AÇIQLADI

Çin istehsalı olan avtomobillər Azərbaycan bazarına sürətlə daxil olsa da, son günlər bu nəqliyyat vasitələrinin satışında azalma müşahidə olunur. Bəs, bunun əsas səbəbləri nələrdir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, sürətli satışlar var idi, amma özünü doğrultmayan nəticələrlə yekunlaşdı:

“Burada müəyyən prosedur qaydaları var, xüsusən həmin avtomobillərin antireklamının olması, yəni müəyyən mənada “qara piar” deyilən bir məsələ var.

Bunun da öz nəticəsi özünü çox gözlətmədi. Nəyə görə belə deyirəm? Çinin istehsalı olan avtomobillərin ehtiyat hissələrinin gec gəlməsi, ustalarının və servis xidmətlərinin tapılmaması əsas səbəblərdən biridir.

Xüsusən dövlətin müəyyən təşviq mexanizmləri var idi ki, həmin təşviqlər, daha doğrusu güzəştlər tətbiq olunurdu. Gömrük rüsumlarına və qeydiyyataalma prosedurlarına tətbiq edilən bu güzəştlər ləğv olunduqdan sonra avtomobillərə ümumiyyətlə vətəndaşlar tərəfindən maraq, deməzdim ki, tam yox oldu, amma əvvəlki həvəs qalmadı.

Bu da məlum məsələdir ki, həmin insanlar öz avtomobillərini müəyyən dərəcədə kompensasiya edə bilmədilər, yəni gözləntilərini doğrulda bilmədilər. Bunun nəticəsində bu gün nəqliyyat vasitələrinin texniki xidmətində, alqı-satqısında və digər prosedur qaydalarında müəyyən ləngimələr gözlənilən idi”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə