“Boşanma zamanı, valideynlərin uşaqla ünsiyyətinə maneə hüquq pozuntusu sayılır” -HÜQUQŞÜNAS DANIŞDI
“Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum qərarına əsasən, bu qərar şəxsiyyət hüquqlarının müdafiəsi və onların pozulmasının qarşısının alınması məqsədini daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.
Onun sözlərinə görə, qərarda qeyd olunur ki, praktikada ən çox rast gəlinən problemlərdən biri uşağın bir valideynin yanında qalmasından sonra digər valideynin uşaqla ünsiyyətinə maneələrin yaradılmasıdır:
”Bu hallar uşağın digər valideyndən uzaqlaşdırılması, onunla görüşlərin müxtəlif formalarda əngəllənməsi və ünsiyyətin məhdudlaşdırılması şəklində özünü göstərir.
Belə hallarda valideyn uşağı ilə görüşmək istəyini qarşı tərəfə mütəmadi şəkildə mesaj, zəng və ya yazılı müraciət vasitəsilə bildirməlidir. Bu müraciətlərin sənədləşdirilməsi və zənglərin qeydə alınması gələcəkdə sübut kimi əhəmiyyət daşıyır. Eyni zamanda, rəsmi qaydada məktub göndərilməsi və ya yaxın qohumların şahidliyi də məhkəmə prosesində dəlil kimi təqdim oluna bilər.
Bundan başqa, uşaq yetkin düşüncəyə malikdirsə və onun psixoloji və ya əqli inkişafında ciddi məhdudiyyət yoxdursa, o da öz fikrini ifadə etməklə görüşə dair vəziyyəti açıqlaya bilər. Məhkəmə qərarı qüvvədə olsa da, onun icra olunmaması və icra məmuru tərəfindən bu barədə akt tərtib edilməsi də valideyn tərəfindən maneələrin yaradıldığını göstərə bilər.
Bu kateqoriyalı işlərdə əsas qiymətləndirmə meyarları şəxsin yaşadığı mənəvi iztirab, psixoloji gərginlik və hüquqlarının pozulması ilə bağlı digər hallardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB