“Doğum evindən verilən sənədləri gecikdirmək əlavə vaxt itkisi və lazımsız get-gələ səbəb ola bilər” - HƏKİM DANIŞDI

Uşağa doğum haqqında şəhadətnamə almaq onun hüquqi varlığının tanınması baxımından ən vacib addımlardan biridir. Bu sənəd olmadan uşaq dövlət qeydiyyatına düşmür, tibbi xidmətlərdən, sosial təminatlardan və gələcəkdə təhsil hüququndan tam şəkildə yararlana bilmir. Buna görə doğum haqqında şəhadətnamənin vaxtında alınması həm hüquqi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı SİA-ya pediatr Sahib Cəfərov danışıb.

O bildirib ki, doğum evində valideynlərə iki ayrı forma təqdim olunur:

”Onlardan biri uşağın poliklinikada qeydiyyata alınması üçündür, digəri isə ASAN xidmətə təqdim etmək üçün verilir.

ASAN xidmətə təqdim olunan sənəd bir ay ərzində təhvil verilməlidir. Əgər bu müddət keçərsə, valideynlərdən əlavə olaraq uşağın sağlamlığı ilə bağlı yeni arayış tələb oluna bilər. Bu isə əlavə vaxt itkisi və get-gələ səbəb olur.

Buna görə də tövsiyə olunur ki, doğum evindən verilən sənədlər mümkün qədər tez, gecikdirilmədən ASAN xidmətə təqdim edilsin.

Müraciət zamanı valideynlərin şəxsiyyət vəsiqələri və nikah sənədi tələb olunur. Sənədlər təqdim edildikdən sonra qeydiyyat prosesi həyata keçirilir və eyni zamanda uşaq üçün şəxsiyyət vəsiqəsi də rəsmiləşdirilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə