Ofis mühitində çalışan insanların qidalanma problemləri hansılardır? - EKSPERT DANIŞDI

"Adətən ofis mühitində çalışan insanların gündəlik qidalanma rasionu aktiv həyat tərzi keçirən insanlarla müqayisədə müəyyən fərqlərə malikdir. Bunun əsas səbəbi onların daha çox oturaq həyat tərzi keçirməsi və fiziki aktivliyin aşağı olmasıdır".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Seymur Qafarov deyib.

Onun sözlərinə görə, müasir dövrdə ofis şəraitində qidalanmanın əsas çətinliklərindən biri çatdırılma (delivery) qidalarının geniş yayılmasıdır: "Bu zaman qidaların temperatur rejiminin qorunması vacib məsələdir. Belə ki, isti qidalar istehlak zamanı təxminən 60-65°C temperaturda olmalıdır. Çatdırılma zamanı isə qidanın temperaturu yüksək səviyyədə saxlanılmalı və istehlakçıya qədər təhlükəsiz şəkildə çatdırılmalıdır.

İsti qidalar çatdırıldıqdan sonra maksimum 2 saat ərzində istehlak edilməlidir. Bu müddətdən sonra qidanın saxlanması mikrobioloji çirklənmə riskini artırır və sağlamlıq üçün təhlükəli ola bilər. Buna görə də qida qalıqları sonradan istifadə olunmamalıdır.

Ofis mühitində qidalanma ilə bağlı digər vacib məqamlardan biri də hərəkətliliyin təşviqidir. Məsələn, çay və digər içkilər üçün nəzərdə tutulmuş yerlərin iş masalarından bir qədər uzaqda, ayrıca mətbəx sahəsində yerləşdirilməsi məqsədəuyğundur. Bu, əməkdaşların müəyyən aralıqlarla ayağa qalxmasına və hərəkət etməsinə şərait yaradır.

Təxminən hər 20-30 dəqiqədən bir qısa fasilələr vermək, çay içmək və ya kiçik qəlyanaltılar qəbul etmək zamanı hərəkətlilik sağlam qidalanmaya müsbət təsir göstərir.

Bundan əlavə, ofis məkanlarında qidalanma üçün xüsusi ayrılmış yerlər olmalıdır. Bu sahələr mütləq yaxşı havalandırma sistemi ilə təmin edilməlidir. Əks halda, qida qalıqları xoşagəlməz qoxular yarada və gigiyenik problemlərə səbəb ola bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə