Sıx tikinti zəlzələ, sel və digər təbii fəlakətlər zamanı riskləri necə artırır?
“Şəhərsalma qaydalarına uyğun olmayan sıx tikinti hüquqi baxımdan yalnız memarlıq problemi deyil, həm də ictimai təhlükəsizlik məsələsidir. Belə tikinti forması əhalinin həyat və sağlamlıq hüququnun qorunması baxımından ciddi risk yaradır. Dövlətin əsas vəzifələrindən biri insanların təhlükəsiz yaşayış mühitini təmin etmək olduğuna görə şəhərsalma fəaliyyətində normativ tələblərin pozulması hüquqi məsuliyyət doğurur”.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Ramil Vəliyev deyib.

O bildirib ki, xüsusilə zəlzələ, sel, torpaq sürüşməsi və digər təbii fəlakətlər zamanı həddindən artıq sıx tikinti fəsadların miqyasını daha da artırır:
”Çünki normadan artıq tikilmiş binalar fövqəladə hallarda təxliyə yollarını daraldır və insanların vaxtında xilas olunmasına mane olur. Eyni zamanda bu cür tikinti yanğınsöndürmə, təcili tibbi yardım və xilasedici texnikanın hadisə zonasına daxil olmasını çətinləşdirir. Hüquqi baxımdan bu hal şəhərsalma və tikinti sahəsində müəyyən edilmiş təhlükəsizlik standartlarının pozulması kimi qiymətləndirilməlidir. Əgər yaşayış sahələri geoloji, seysmik və hidroloji baxımdan riskli ərazilərdə lazımi ekspertiza olmadan salınırsa, burada həm inzibati, həm də mülki məsuliyyət məsələsi ortaya çıxır. Çünki qabaqlayıcı tədbirlər görülmədiyi halda baş verən zərərin nəticələri əvvəlcədən proqnozlaşdırıla bilən sayılır. Şəhərsalma qanunvericiliyinin əsas məqsədlərindən biri ərazilərin təhlükəsizlik meyarları əsasında planlaşdırılmasını təmin etməkdir. Həmin tələblər birbaşa insan həyatının qorunmasına xidmət edən məcburi hüquqi mexanizmlərdir.
Sel riski olan ərazilərdə sıx tikinti isə təbii su axınlarının qarşısını alır və yağış sularının toplanmasını sürətləndirir. Nəticədə küçələr, zirzəmilər, yol infrastrukturu və yaşayış binaları daha tez su altında qalır. Belə hallarda məsuliyyət yalnız tikinti aparan şəxsin deyil, həm də nəzarət funksiyasını yerinə yetirməyən aidiyyəti qurumların üzərinə düşə bilər. Hüquqi yanaşmaya görə şəhərsalma fəaliyyətində risklərin əvvəlcədən qiymətləndirilməsi məcburi prinsiplərdən biri olmalıdır. Həmçinin şəhərin baş planına və zonalaşdırma sənədlərinə zidd tikinti hallarına qarşı sərt nəzarət mexanizmləri tətbiq olunmalıdır. Qanunvericilikdə tikinti əmsalı, torpaqdan istifadə intensivliyi və əhalinin sıxlıq göstəriciləri konkret və aydın müəyyən edilməlidir. Praktikada isə ən vacib məsələ həmin normaların kağız üzərində deyil, real icraatda təmin olunmasıdır. Çünki normativ tələblərin selektiv tətbiqi hüquqi dövlət prinsipinə ziddir. Şəhərsalma münasibətlərində hüquqi müəyyənlik və bərabər yanaşma təmin edilmədikdə qanunsuz sıxlaşma adi hala çevrilir. Belə vəziyyət isə tədricən bütün şəhər mühitini fövqəladə risk zonasına çevirir.
Nəticə etibarilə, şəhərsalma qaydalarına uyğun olmayan sıx tikinti hüquqi baxımdan insanların təhlükəsiz yaşamaq hüququna real təhdid yaradır və bunun qarşısının alınması üçün qabaqlayıcı, məcburi və şəffaf normativ tədbirlərin tətbiqi zəruridir”
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB