Dünyada su ehtiyatlarının istifadəsi ölkələr arasında fərqli səviyyədədir və bu fərq əsasən əhalinin sayı, iqtisadi inkişaf səviyyəsi, sənayeləşmə, kənd təsərrüfatının miqyası və iqlim şəraiti ilə bağlıdır.
SİA mövzu ilə bağlı araşdırma edib:
Statistik məlumatlara görə, adambaşına düşən su istehlakı baxımından bəzi ölkələr digərlərindən xeyli yüksək göstəriciyə malikdir. Bu ölkələrdə su yalnız məişət məqsədləri üçün deyil, həm də kənd təsərrüfatı, sənaye istehsalı, enerji və xidmət sektorlarında geniş şəkildə istifadə olunur.
Adambaşına su istehlakına görə dünyanın ən yüksək göstəricisi hansı ölkənin payına düşür?
Adambaşına su istehlakına görə dünyanın ən yüksək göstəricilərindən biri Birləşmiş Ərəb
Əmirlikləri-də qeydə alınır. Bu ölkədə bir nəfərə düşən gündəlik su istifadəsi minlərlə litr təşkil edir. Bunun əsas səbəbi isti və quraq iqlim şəraiti, böyük turizm infrastrukturu, hotellər, hovuzlar, yaşıllıq sahələrinin süni suvarılması və yüksək həyat səviyyəsidir. Ölkədə təbii şirin su ehtiyatları az olduğuna görə suyun böyük hissəsi dəniz suyunun duzsuzlaşdırılması yolu ilə əldə edilir.
Adambaşına yüksək su istifadəsi olan ölkələrdən biri də ABŞ-dır. Burada suyun böyük hissəsi kənd təsərrüfatında, sənaye müəssisələrində və enerji istehsalında istifadə olunur. ABŞ-da geniş suvarma sistemləri, böyük şəhər infrastrukturu, avtomobil yuma xidmətləri və məişətdə suyun çox istifadəsi bu göstəricinin yüksək olmasına səbəb olur. Eyni zamanda ölkədə su ehtiyatlarının böyük olması insanların suya daha sərbəst yanaşmasına gətirib çıxarır.
Azərbaycan adambaşına su istifadəsinə görə hansı yerdə qərarlaşıb?
Azərbaycan adambaşına düşən su istifadəsinə görə dünyada ən çox su işlədən ölkələrdən biridir.
Bu barədə məlumat “world meters” qlobal statistika saytında yer alıb.
Azərbaycanda illik su istifadəsi 12.8 milyard kubmetr təşkil edir. Məlumata görə, adambaşına gündəlik 3512 litr su istifadə edilir. Maraqlıdır ki, platformada Azərbaycan əhalisinin sayına nəzər saldıqda rəqəmlərin əvvəlki illərə (2017-2018) aid olduğu görünür.
Azərbaycan adambaşına su istifadəsinə görə yüksək yerlərdə olsa da, ümumi su istifadəsinə görə dünya liderlərindən deyil. Ölkəmiz dünyada adambaşına düşən su istifadəsinə görə, 181 ölkə arasında 40-cı yerdə qərarlaşıb.
Su resursları və ekoloji idarəetmə sahəsində beynəlxalq mütəxəssis, BMT-nin İnkişaf Proqramının su məsələləri üzrə eksperti, Misirin Ətraf Mühit Agentliyinin sədrinin birinci müavini Əhməd Əlsəud su çatışmazlığı ilə bağlı beynəlxalq və regional təsirləri, o
cümlədən Azərbaycandakı mövcud durumu qiymətləndirib: “Bu gün dünyanın bir çox regionlarında quraqlıq müşahidə olunur.
İqlim dəyişikliyi indi bir reallıqdır. Bunu biz hamımız hiss edirik, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində insanlar quraqlıq və su çatışmazlığından əziyyət çəkir. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar onu göstəriri ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcəkdir. Ölkələr bunun öhdəsindən gəlmək üçün adaptasiya planları hazırlamalıdırlar.
Azərbaycandakı mövcud su problemlərindən danışırıqsa, şübhəsiz bu, təkcə kənd təsərrüfatı və suvarma ilə bağlı deyildir. Bu, sudan istifadə edən bütün sahələrə aid edilməlidir. Bu vəzifə hamının üzərinə düşür.
Təbii iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarında çatışmazlıqlar yaranır. Eyni zamanda, kənd təsərrüfatı da daxil olmaqla, bütün sahələrdə suyun idarə olunması daha yaxşı aparılmalıdır. Bəli, Azərbaycanda su tələbatının çox hissəsi kənd təsərrüfatının payına düşür.
Əsas su istehlakçısı sektoru olan kənd təsərrüfatında müasir texnologiyalardan istifadə etməklə, səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır
Ən pis ssenarilər əsas götürülərək planlaşdırma aparılmalı və quraqlığın baş verməsini gözləmədən addımlar atılmalıdır. Quraqlığın davam edəcəyini nəzərə almalı və buna qarşı tədbirləri həyata keçirməyə bu andan başlamalısınız.
Hər halda hər damla suyun faydasını dəyərləndirərək bütün sahələrdə su itkisini azaltmalıyıq.
Bu vəziyyətdən çıxış yolu su ehtiyatlarının idarə olunması ilə məşğul olan bütün maraqlı tərəflərin üzərindədir. Burada təkcə dövlət qurumlarını deyil, həm sizi, həm də məni və cəmiyyətin bütün üzvlərini nəzərdə tuturam.
Bu quraqlığın qarşısının alınmasının məsuliyyətini hamımız paylaşmalıyıq. Bu vəziyyətdə hər birimizin xüsusi rolu var. Hökumətin rolu bütün sektorlarda su itkisini azaltmaq, bələdiyyə şəbəkəsində, həmçinin suvarma kanallarında suyun paylanmasını yaxşılaşdırmaq üçün planlar hazırlamaq və investisiya layihələri həyata keçirməkdir.
Hökumət həmçinin müasir suvarma, sudan təkrar istifadə və digər suya qənaət edən ağıllı texnologiyaların istifadəsini təşviq etməlidir.
Suyun səmərəli istifadəsi üçün iqtisadi stimullar barədə düşünməyə başlamalıyıq ki, müasir suvarma sistemləri quraşdıran fermerlərə subsidiya verə bilək.
Cəmiyyətin digər üzvlərinə gəldikdə, gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün bir məsuliyyətimiz var.
Kranı açıq qoymayın. Evdə bir sızma varsa, mümkün qədər tez bir zamanda aradan qaldırın. Küçələrdə sızma olduğunu görsəniz, bildirin. Hər damcı suyun vacib olduğunu bilməliyik”
Su ehtiyyatları bol olan Kanada sıralamada neçənci yerdədir?
Su ehtiyatlarının bol olduğu Kanada da adambaşına yüksək su istehlakı ilə seçilən
ölkələrdən biridir. Kanadada çoxlu çaylar, göllər və şirin su ehtiyatları mövcuddur. Bu səbəbdən su sənayedə, enerji istehsalında və kənd təsərrüfatında geniş istifadə edilir. Geniş ərazilərdə yerləşən yaşayış məntəqələri və inkişaf etmiş sənaye sektoru da su istehlakını artırır.
Yaxın Şərqdə yerləşən İsrail də adambaşına su istifadə səviyyəsi yüksək olan ölkələr sırasındadır. İsrail su ehtiyatlarının məhdud olmasına baxmayaraq, kənd təsərrüfatında intensiv suvarma sistemləri tətbiq edir. Xüsusilə damcı suvarma texnologiyasının inkişafı bu ölkədə kənd təsərrüfatının genişlənməsinə və suyun böyük miqdarda istifadəsinə səbəb olmuşdur.
Afrika qitəsi su istehlakına görə hansı sıradadır?
Afrika qitəsində yerləşən Botsvana da yüksək su istehlakı olan ölkələrdən biridir. Burada su əsasən kənd təsərrüfatında və heyvandarlıqda istifadə olunur. Quraq iqlim şəraiti səbəbindən suvarma sistemləri geniş tətbiq edilir və bu da adambaşına düşən su istifadəsini artırır.
Cənubi Amerikada yerləşən Braziliyada su sərfiyyatı daha çox hansı sahəyə istifadə olunur?
Cənubi Amerikada yerləşən Braziliya isə böyük kənd təsərrüfatı sektoru və hidroenerji istehsalı səbəbindən suyun ən çox istifadə olunduğu ölkələrdən biridir. Braziliyada geniş əkin sahələrinin suvarılması, həmçinin elektrik
enerjisinin böyük hissəsinin hidroelektrik stansiyalarında istehsal olunması su istehlakını artıran əsas amillərdəndir.
Avrasiya məkanında yerləşən Rusiya da yüksək su istifadəsi ilə seçilir. Ölkədə metallurgiya, kimya sənayesi, enerji istehsalı və digər ağır sənaye sahələri böyük miqdarda su tələb edir. Bundan əlavə, böyük sənaye şəhərləri və geniş istehsal infrastrukturu suya tələbatı artırır.
Qlobal miqyasda istifadə olunan suyun təxminən 70 faizi kənd təsərrüfatına, 20 faizi sənaye sahələrinə, 10 faizi isə məişət ehtiyaclarına sərf olunur. Bu fakt göstərir ki, adambaşına su istehlakının yüksək olması təkcə insanların gündəlik məişət fəaliyyəti ilə deyil, həm də
ölkənin iqtisadi strukturu ilə birbaşa əlaqəlidir. Kənd təsərrüfatının geniş olduğu, sənaye istehsalının inkişaf etdiyi və həyat səviyyəsinin yüksək olduğu ölkələrdə suya olan tələbat daha çox olur.
Dünyada adambaşına ən çox su işlədən ölkələr əsasən iqtisadi cəhətdən inkişaf etmiş və ya geniş suvarma kənd təsərrüfatına malik dövlətlərdir. Bu ölkələrdə su ehtiyatlarının idarə olunması və qənaətli istifadəsi gələcəkdə qlobal su təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB