Uşaqlarda özünə inamı formalaşdırmaq üçün valideynlər nə etməlidir? - PSİXOLOQ DANIŞDI

"Uşaqlarda özgüvənin təməli əsasən 0-2 yaş dövründə qoyulur. Psixoloqların fikrincə, üç yaşa qədər uşağın şəxsiyyətinin əsas konturları formalaşır. Buna görə də valideynlər məhz bu dövrdə uşağın xarakterinə uyğun davranış modeli qurmağı öyrənməlidirlər".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, təəssüf ki, son zamanlar özgüvən anlayışı tez-tez özündənrazılıq, aqressivlik və ya hətta kobud davranışla qarışdırılır: "Halbuki özgüvənli uşaq sakit, özünü ifadə edə bilən və sərhədlərini bilən uşaqdır. Əgər uşağın hər hansı psixoloji və ya nevroloji problemi yoxdursa, onun özgüvənini artırmaq üçün kiçik yaşlardan ona şəxsiyyət kimi yanaşmaq vacibdir.

Evdə müəyyən qaydalar olmalı və uşaq həmin qaydalara riayət etməyi öyrənməlidir. Lakin özgüvənin formalaşması üçün bəzi məsələlərdə uşağın fikrini soruşmaq, onunla məsləhətləşmək də önəmlidir. Məsələn, geyim və ya oyun seçimi kimi yaşına uyğun qərarlarda iştirak etməsi uşağa “mən dəyərləyəm” hissi verir.

Altı yaşa qədər uşağın özgüvən bazası artıq xeyli dərəcədə formalaşır. Bu təməl sağlam qurularsa, uşaq məktəbdə bullinqə daha az məruz qalar, yaşıdları ilə münasibətləri daha sağlam olar və öz fikrini ifadə etməkdən çəkinməz.
Özgüvənin inkişafı üçün uşaq həm cəza, həm də mükafat sistemini anlamalıdır. Burada əsas prinsip balansdır. Lazım olanda sərhəd qoymaq, lazım olanda isə təşviq etmək vacibdir. Amma uşağı başqalarının yanında danlamaq, onu utandırmaq, müqayisə etmək və alçaltmaq özgüvəni ciddi şəkildə zədələyir.

Xüsusilə bağça yaşına qədər olan dövr həlledicidir. Ailədaxili münasibətlər burada böyük rol oynayır. Oğlan uşaqları çox vaxt ata modelindən, qız uşaqları isə ana modelindən özgüvən nümunəsi götürürlər. Bu səbəbdən həm ana, həm də ata öz davranışlarına diqqət etməlidirlər. Uşağın valideynlə sağlam emosional bağ qurması gələcəkdə komplekslərin azalmasına və sağlam şəxsiyyətin formalaşmasına kömək edir. Unutmaq olmaz ki, özgüvən bir günün işi deyil. Bu, sevgi, hörmət, sərhəd və düzgün ünsiyyət üzərində qurulan uzunmüddətli bir prosesdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə