“Ailədaxili problemlərin həllində psixoloji dəstək mühüm rol oynayır“ - PSİXOLOQ DANIŞDI

“Ailədaxili problemlərin yaranma səbəbləri çoxşaxəlidir və bu prosesdə hər iki tərəfin psixoloji, nevroloji və sosial faktorları mühüm rol oynayır”.

Bu sözləri SİA -ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, nevroloji gərginliklər, psixogenetik xüsusiyyətlər, üçüncü şəxslərin – xüsusilə geniş ailə üzvlərinin münasibətlərə müdaxiləsi, eləcə də tərəflərin çətin situasiyalarda düzgün çıxış yolu tapa bilməməsi ailədaxili konfliktlərin əsas mənbələrindəndir:

”Bundan əlavə, məsuliyyətdən yayınmaq, daha sərbəst və öhdəliksiz yaşamaq istəyi də ailə münasibətlərində gərginlik yaradan amillər sırasındadır.

Ailədə konfliktlərin mövcudluğu təbii və qaçılmazdır. Psixoloji yanaşmada konfliktlər iki əsas qrupa bölünür: destruktiv (dağıdıcı) və konstruktiv (qurucu) konfliktlər. Destruktiv konfliktlər münasibətlərin pozulmasına və ailə institutunun zəifləməsinə gətirib çıxarırsa, konstruktiv konfliktlər qarşılıqlı anlaşmanı gücləndirir, ailənin inkişafına və tərəflərin bir-birini daha yaxşı tanımasına şərait yaradır.

Bir qadın və bir kişinin eyni ailə mühitində yaşaması müəyyən fikir ayrılıqlarını, uyğun gəlməyən baxışları və emosional reaksiyaları qaçılmaz edir. Bu proses nəticəsində tərəflər zamanla bir-birinin xarakterini, həssas nöqtələrini, istək və gözləntilərini daha dərindən anlayır. Beləliklə, ailə üzvlərinin şüurunda qarşı tərəfin psixoloji portreti formalaşır ki, bu da münasibətlərin daha sağlam əsaslar üzərində qurulmasına imkan verir.

Ailədaxili problemlərin həllində psixoloji dəstək mühüm rol oynayır. Psixoloqların neytral mövqedə çıxış etməsi, tərəflərə obyektiv və məqsədyönlü yanaşmalar təqdim etməsi emosional gərginliyin azalmasına və ünsiyyətin bərpasına kömək edir. Psixoloqa müraciət mənfi və ya zəiflik göstəricisi kimi deyil, əksinə, ailənin qorunmasına yönəlmiş məsuliyyətli addım kimi qiymətləndirilməlidir.

Lakin ailədə tərəflərdən birində ciddi psixi pozuntular, asılılıq halları və ya davamlı destruktiv davranışlar mövcuddursa, bu cür münasibətlərin uzunmüddətli və sağlam şəkildə davam etməsi sual altına düşür. Belə hallarda ailə artıq dağıdıcı xarakter daşıyır və tərəflərin, xüsusilə də uşaqların psixoloji rifahı üçün ayrılıq daha məqsədəuyğun hesab edilə bilər.

Konfliktlərin sağlam şəkildə idarə olunması üçün hər iki tərəfin sağlam təfəkkürə və emosional yetkinliyə malik olması vacibdir. Hadisələrə adekvat reaksiya vermək, emosional intellekti inkişaf etdirmək və problemlərə rasional yanaşmaq ailə münasibətlərinin davamlılığını təmin edən əsas amillərdəndir. Müşahidələr göstərir ki, bəzi ailələr xırda səbəblərlə dağılır, digərləri isə daha ciddi problemlərə baxmayaraq mövcudluğunu qoruyur. Bu fərq əsasən tərəflərin fərdi xüsusiyyətləri, xarakter strukturu, yetişdikləri ailə mühiti və aldıqları psixoloji tərbiyə ilə bağlıdır.

Ailə dağıtmaq üçün deyil, davam etdirmək üçün qurulan sosial institutdur. Lakin harmoniya və uyğunluğun mümkün olmadığı, münasibətlərin sağlam şəkildə inkişaf etmədiyi ailələrdə ayrılıq bəzən daha rasional qərar ola bilər. Əsas məqsəd ailə daxilində konfliktlərin tam aradan qaldırılması deyil, onların sağlam idrak və psixoloji yetkinlik çərçivəsində idarə olunmasıdır. Ailədə sevgi, inciklik, küsülülük və barışıq kimi hallar təbiidir; vacib olan bu proseslərin düzgün idarə edilməsidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə