"Uşağın immunitetini gücləndirmək valideyn üçün ən təbii istəkdir. Amma çoxları bunu edərkən elmi əsası olmayan, əksinə uşağa zərər verə biləcək addımlar atır". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, vitamin və immun preparatlarının həddindən artıq istifadəsi çox yayılmışdır:""İmmunitet üçün vitamin" düşüncəsi geniş yayılıb. Amma çoxu faydasızdır, bəziləri isə qaraciyər, böyrək və elektrolit balansına mənfi təsir göstərə bilər. Uşağın immuniteti üçün əsas vitamin düzgün qidalanma və yuxudur, kapsul deyil.
Uşağı soyuqdan həddindən artıq qorumaq da yanlışdır. Çox geyindirmək uşağın tərləməsinə səbəb olur və nəticədə soyuqdəymə riski artır. Uşağın immuniteti üçün lazımlı olan saf hava, açıq havada oynamaq və temperatur dəyişikliklərinə adaptasiyadır. Antibiotikləri “tez sağalsın” deyə vermək səhvdir. Antibiotiklər virusları öldürmür. Hətta immuniteti zəiflədir, bağırsaq florasını poza bilər və gələcəkdə antibiotik müqavimətinə səbəb ola bilər. Antibiotik yalnız həkim təyini ilə verilməlidir.
Lazımsız olaraq immunitet testləri etmək də yanlışdır. İmmun sistemi hər xəstəlikdə testlərlə ölçmək mümkün deyil. “Hər dəfə xəstələndi” demək immun defekti anlamına gəlmir. Uşaqlar ildə 6–8 dəfə xəstələnə bilər, bu normaldır. Ekran vaxtını nəzarətsiz buraxmaq da immunitet üçün mənfi təsir göstərir. Çox ekran yuxunu poza bilər, melatoninin azalmasına səbəb olur və nəticədə immunitet zəifləyir. İmmunitet üçün ən vacib faktorlar yuxu, fiziki aktivlik və normal qidalanmadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB