Son illər əhali arasında “Trendyol”, “Temu”, “Amazon”, “Alibaba” və digər onlayn alış-veriş platformalarından sifariş edənlərin sayı durmadan artır. Rahatlıq, vaxt itkisinin olmaması və evdən çıxmadan alış-veriş imkanı bu platformaları daha da cəlbedici edib. Lakin bu platformalar nə dərəcədə şəffaf fəaliyyət göstərir? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Kamran Nağıyev: “Ara-sıra onlayn platformalardan sifariş verirəm. Bir dəfə "Temu"dan kişi üçün boyunbağı sifariş etmişdim, lakin qırıq vəziyyətdə gəlmişdi. Dərhal "Temu"nun dəstək bölməsinə yazdım, kartımdan silinən vəsait geri qaytarıldı və üzr istədilər. Bacım isə çanta sifariş etmişdi, lakin saytda göstərilən məhsuldan fərqli bir çanta göndərilmişdi. Dəstək bölməsinə müraciət etsə də, şikayətinə baxılmadı”.
Şəhər sakini Rövşən Camiyev: “Bəzi hallarda məhsullar sınıq vəziyyətdə gəlir. Məsələn, su borusu sifariş etmişdim, lakin qırılmışdı. "Temu"nun dəstək bölməsinə yazdım və ödənişim geri qaytarıldı. Digər bir problem isə məhsul məlumatlarının çox vaxt ingilis dilində olmasıdır. Əhalinin əksəriyyəti ingilis dilini bilmədiyi üçün bu çətinlik yaradır. Bundan başqa, sifariş edilən məhsulla saytda göstərilən şəkil çox vaxt fərqli olur”.
Şəhər sakini Anar Qocalı: “Bir dəfə 10 məhsul sifariş etmişdim, onlardan biri işləmirdi. "Temu"nun dəstək bölməsinə yazıb, xarab məhsulun şəklini göndərdim. Dərhal ödənişim geri qaytarıldı. Lakin bir sahibkar kimi düşünürəm ki, "Temu", "Trendyol", "Amazon" kimi platformaların ölkədə fəaliyyəti yerli sahibkarlara mənfi təsir göstərir. Çünki sahibkarlar bu platformalarla rəqabət apara bilmir və nəticədə müflis olurlar”.
Şəhər sakini Erhan Əsgərzadə: “Əsasən "Temu" və "Trendyol" platformalarından istifadə edirəm. Bir dəfə qulaqcıq sifariş etmişdim, lakin qulaqcıqlardan biri işləmirdi. Həmçinin "mouse" altlığı sifariş etmişdim, o da cırıq vəziyyətdə gəlmişdi. Düzdür, ödəniş geri qaytarılır, amma bu proses çox uzun çəkir və əsəb yaradır. "Ozon" platformasından da sifariş vermişdim, lakin məhsul ümumiyyətlə göndərilmədi. Buna görə də indi daha çox yerli mağazalardan alış-veriş etməyə üstünlük verirəm".
Şəhər sakini Nəzrin Səlimi: “Əsasən "Trendyol" və "Temu" platformalarından istifadə etmişəm. Sifarişlərim əsasən kosmetika, qadın aksesuarları və kitablar olub. Kitablarla bağlı heç bir problem yaşamamışam. Lakin bir dəfə makiyaj fırçası sifariş etmişdim, bağlamada yalnız fırçanın bir hissəsi gəlmişdi. Dərhal "Trendyol"a şikayət etdim. Proses uzun çəkdi, amma məhsulun geri qaytarılmasına nail oldum. Üzr məqsədilə istədiyim bir məhsulu pulsuz sifariş edə biləcəyimi bildirdilər. Yaxınlarım isə ölçüsü və ya modeli fərqli məhsulların gəlməsi kimi hallarla qarşılaşıblar. Onlara şikayət etməyi məsləhət gördüm, lakin çoxunun müraciətinə baxılmadı. Bacıma isə sifariş etdiyi məhsuldan iki ədəd göndərilmişdi. Əvvəlcə kartından əlavə vəsait çıxılmamışdı, amma növbəti sifarişdə həmin məbləğ tutulmuşdu. Şikayət etdikdən sonra vəsait geri qaytarıldı. Rəfiqəm də məhsul sifariş etdikdə hesabından məhsul dəyərindən əlavə 10 AZN silinmişdi".
Şəhər sakini Sabir Rüstəmli: “‘Trendyol" və "Temu"dan bir neçə dəfə sifariş vermişəm. Çox vaxt göndərilən məhsul şəkildəkindən fərqli olur. Şikayət etmişəm, lakin heç bir tədbir görülməyib. Ümid edirəm ki, gələcəkdə bu kimi problemlər aradan qaldırılar".
Şəhər sakini Müslüm Abdullayev: “Özüm sahibkaram və "Trendyol", "Temu"kimi platformalar yerli satışlara ciddi təsir göstərir. Onlar məhsulların qiymətini istədikləri kimi tənzimləyə bilirlər. Mağazam üçün Çindən məhsul alıram, amma "Temu"nun eyni məhsulu topdansatış qiymətindən də ucuz təklif etdiyini görürəm. Müştərilər təbii olaraq daha ucuz və rahat variantı – onlayn alış-verişi seçirlər. Özüm də "Temu"dan 35 AZN-ə qəlyan sifariş etmişdim, lakin göndərilən məhsul şəkildəkindən tam fərqli idi”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə