Tükənmişlik sindromu: səbəblər, əlamətlər və nəticələr - ŞƏRH EDİLDİ

"Tükənmişlik sindromu – uzunmüddətli stresin yaratdığı ağır psixoloji və fiziki vəziyyətdir. Əvvəllər bu sindrom əsasən həkimlər, iş adamları və yüksək məsuliyyət daşıyan şəxslər arasında müşahidə olunurdu. Lakin son illərdə sosial-iqtisadi dəyişikliklər və kapitalizmin təsiri ilə artıq evdar qadınlar və digər sosial qruplar da bu sindromun təsiri altına düşürlər".Bunu SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.

Fərqanə Mehmanqızı qeyd edib ki, bu sindrom zamanı insanlarda bir sıra psixoloji və fiziki əlamətlər müşahidə olunur. Bunlara işdən soyuma, yorğunluq, bədəndə somatik (fiziki) ağrılar, yuxu pozğunluqları – yuxusuzluq və ya həddindən artıq yatmaq, iştahın dəyişməsi, ümumi marağın azalması daxildir. “İnsan özünü bacarıqsız, işə yaramaz kimi hiss edir, bu isə daxili narazılığa və həm özünə, həm də ətrafdakı insanlara qarşı aqressiyaya səbəb olur”.

O vurğulayıb ki, tükənmişlik sindromu uzunmüddətli stressin nəticəsi olaraq ortaya çıxır və müalicə olunmadığı təqdirdə xroniki depressiyaya çevrilə bilər. “Belə vəziyyətlərdə emosional dalğalanmalar, ani ağlamalar, sosial təcrid, özünə qapanma, daxili və xarici aqressiya kimi hallar müşahidə olunur”.

Psixoloq onu da qeyd edib ki, bu sindromdan qorunmaq və onun təsirlərini azaltmaq üçün vaxtın düzgün idarə olunması, balanslı qidalanma, rahatlama və sevilən məşğuliyyətlərə vaxt ayırmaq, həmçinin yaxınlarla müntəzəm ünsiyyət çox önəmlidir. “Əgər bütün bu tədbirlər fayda verməzsə, mütləq şəkildə peşəkar psixoloji dəstək almaq lazımdır. Əks halda, tükənmişlik sindromu daha ağır fəsadlara, o cümlədən xroniki depressiyaya səbəb ola bilər,” – deyə o əlavə edib.

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə