Aprelin 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Bakıdakı “Müqəddəs Məryəm Ana” kilsəsini ziyarət edərək Roma Papası Fransiskin vəfatı ilə bağlı katolik icmasının üzvlərinə başsağlığı veriblər.
SİA-nın məlumatına görə, QMİ-nin Mətbuat Xidmətindən bildirilib ki, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Vladimir Fekete ilə görüşən dini konfessiyaların rəhbərləri görkəmli din xadimi, Müqəddəs Taxt-Tacın başçısı Roma Papası Fransiskin vəfatını bütün dünya ictimaiyyəti üçün böyük itki hesab etdiklərini bildiriblər, ruhuna dualar oxuyublar.
Kilsədə açılan xatirə kitabına fikirlərini yazan Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Papa Fransiskin dünyada sülhə, əmin-amanlığa və dinlərarası anlaşmaya yönəlmiş fəaliyyətinə böyük qiymət veriblər. Başsağlığını Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Alban-Udi Xristian icmasının sədri Robert Mobili imzalayıblar.
Görüşdə Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri adından çıxış edən Şeyxülislam Allahşükür Paşazadə mərhum Roma Papasının 2016-ci ildə ölkəmizə səfərini, Heydər məscidində dindarlar qarşısında çıxışını xatırladıb, ona Qurani-Kərim bağışladığını yada salıb. QMİ sədri bildirib ki, Müqəddəs Taxt-Taca rəhbərliyi dövründə Papa Fransisk Azərbaycan Prezidenti İlham Əliyevlə, birinci xanım Mehriban Əliyeva ilə dəfələrlə görüşüb, ölkəmizdəki dini harmoniyanı yüksək dəyərləndirib. O, dünya katoliklərinin yeni seçiləcək liderinin də mərhum Fransiskin Azərbaycanla bağlı xoş münasibətlərini davam etdirəcəyinə ümidvar olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə