Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb

Laçın, baharı öz doğma sakinləri ilə qarşılayıb. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi Laçında təntənə ilə qeyd edilib. Həmçinin bayram tədbirində Laçında ərsəyə gələn məhsullar və sakinlərin əl işləri sərgilənib, milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Laçınımıza bahar gəlir” adlı bayram şənliyi keçirilib. Tədbirdə Laçın sakinləri, rəsmi şəxslər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Həkəri çayının kənarında təşkil olunan “Novruz carçısı” yarmarkası bayram tədbirinin ən maraqlı məqamlarından biri olub. Burada Laçının zəngin təbiətindən ilhamlanaraq yaradılan yerli məhsullar, eləcə də ölkənin müxtəlif bölgələrindən gətirilmiş milli sənət nümunələri nümayiş etdirilib. Yarmarkada xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovaya məxsus xalça kolleksiyası da sərgilənib. Bundan əlavə, “Gilabi Ceramics”, “İslimi”, “Naxışlı Tikiş Evi”, “Yaradan Əllər”, “Ardıc”, “Bal Kamal” kimi milli brendlərin məhsulları ziyarətçilərin marağına səbəb olub. Laçının təbiətindən bəhrələnərək istehsal olunan “Həkəri balıq təsərrüfatı” da yarmarkada yer alıb.

Bayram tədbiri Novruzun ruhuna uyğun müxtəlif əyləncəli proqramlarla davam etdirilib. Novruz personajları - Bahar qızı, kosa, keçəl və Dədə Qorqud tədbirə xüsusi rəng qatdılar. Kosa və keçəl məzəli dialoqları ilə uşaqları sevindirib, ənənəvi yumurta döyüşdürmə mərasimi isə böyük marağa səbəb olub.

Şənlik çərçivəsində maraqlı müsabiqələr və hədiyyəli yarışmalar təşkil olunub.

Tədbirin ən yaddaqalan məqamlarından biri isə rəngarəng konsert proqramı olub. Respublikanın tanınmış incəsənət ustaları, Laçın aşıqları, Dövlət Kukla Teatrının aktyorları, Əməkdar artistlər, Muğam televiziya müsabiqəsinin qalibləri və Beynəlxalq Muğam Mərkəzinin solistləri, estradamızın gənc və istedadlı müğənniləri səhnədə çıxış edərək bayram ovqatını daha da yüksəldiblər.

Şənlik iştirakçıları Novruz tonqalını alovlandıraraq, əzəmətli “Yallı” rəqsi ilə bayramı yüksək əhvali-ruhiyyədə qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə