“Zavod çörəyinin hər yeri eyni rəng olmalıdır” - QURUM RƏSMİSİ DANIŞDI

“Çörəklərdən ən müxtəlif kənar cisimlərin çıxmasının nümunələri Azad İstehlakçılar Birliyinin (AİB) ofisində var”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, dietik çörəyin içindən 10 sm-lik bolt, insan tükü, sap, ip və digər bu kimi kənar cisimlərə rast gəlinib: “Lakin indi bu vəziyyət azalır. Bu mənə şikayətçilərin gətirdiyi informasiyalardır.

Bəzən bu işləri istehlakçılar pul qopartmaq üçün edir. Yəni bunlar xüsusi təşkil olunur. Bir neçə il öncə qadın saçını iynə ilə saplayıb çörəyin içindən keçirib orada qoyanları ifşa etdik. Bu siqaret məsələsi də qəribədir. Yəni 200-250 dərəcədə bişən bir çörəyin içərisində siqaret kötüyünün o cür qalması təəccüb doğurur. Biz araşdırma apardıq. Çox böyük ehtimal ki, bu məsələ bazarda adı çəkilən çörək biznesi ilə ciddi rəqabətdə olan digər şirkətin işləridir. Lakin AQTA həmin müəssisədə yoxlama apararaq anti-sanitar vəziyyət müəyyən edib. AQTA-ya təşəkkür edirik ki, bu işə cəld müdaxilə olub. Həmin içindən siqaret çıxan çörək rəhbərliyi mənə məktub göndərmiş, bunun böhtan olduğunu demişdi. Mən də bunu dövlət orqanları və KİV-lərlə bunu paylaşdım. Qarşı tərəf deyir ki, biz məhkəmə iddiası qaldıracağıq və onda hərşey aydın olacaq.

Çörək alarkən mütləq onun istehsal tarixinə, saxlanılma müddətinə baxsınlar. Bəzən zavod çörəklərinin üstü qırmızı, içi çiy olur. Əslində zavod çörəyinin hər yeri eyni rəng olmalıdır. Bu amillərə fikir versinlər. Problem olarsa, 1003 qaynar xətti ilə dövlət orqanlarına zəng etmələrini tövsiyə edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə