"Son günlərdə Azərbaycan böyük bir faciə ilə üzləşdi – AZAL-ın təyyarəsi qəzaya uğradı. Bu hadisə, heç şübhəsiz ki, hər bir azərbaycanlını dərindən sarsıtdı". Bu sözləri SİA-ya açıqlamasında Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, açığı, mən də bir Azərbaycan vətəndaşı olaraq bu neqativ ab-havadan hələ də çıxa bilmirəm: "Sanki yaxınlarımı itirmişəm. Bu qəza təkcə bir hadisə deyil, bütün xalqımızı bir daha sınağa çəkən bir dərs oldu.
İki Təsirli An
Hadisənin iki məqamı mənə xüsusi təsir etdi. Birincisi, inanclı bir müsəlman olan sərnişinin təmkinini qoruyub, qorxu hissini boğaraq son ana qədər şəhadət kəlməsini gətirməsi idi. Bu, təkcə bir insanın inancını və əzmini göstərmək deyil, eyni zamanda həqiqi qəhrəmanlıq nümunəsi idi. İkinci olaraq isə, təyyarənin ən təhlükəli yerində dayanıb sərnişinlərə təlimat verən və onlara “hər şey yaxşı olacaq” deyərək təsəlli verən Stuardessa Hökümə xanım Əliyeva da dünya ictimaiyyətini heyrətləndirdi. Hökümə xanımın fədakarlığı və mərhəməti hər kəsin qəlbində dərin izlər buraxdı. Allah rəhmət eləsin! Onun sağ olduğunu eşitdim və baş çəkib təşəkkür etmək istəyirdim, amma təəssüf ki, bir müddət sonra onun dünyasını dəyişdiyini öyrəndim. Demək olar ki, Allahın qisməti bura qədər imiş.
Vətənpərvərlik və Sosial Media
Baş vermiş bu faciə sonrasında sosial şəbəkələrdə oxuduğum reaksiyalar məni sevindirdi. Azərbaycan xalqı çətin dövrlərdə bir olmağı, yaralayan acıları birgə yaşamağı bacaran bir xalqdır. Biz buna 44 günlük müharibədə, pandemiya dövründə və Türkiyədəki zəlzələdən sonra yardımlaşmada şahid olmuşuq. Bu dəfə də xalqımızın ciddi şəkildə sarsıldığını gördüm. İnsanlar Hökümə xanımın şəkillərini və video görüntülərini paylaşır, onun fədakarlığını qeyd edirdilər. Bu acını hər bir vicdanlı vətənpərvər Azərbaycanlı hiss etməli və edir də. Təbii ki, bəzi insanlar şou yaratmağa çalışsa da, bunlar hər cəmiyyətdə olduğu kimi bizdə də mövcuddur. Ancaq ümumilikdə, xalqımız bir daha özünə aid olan insanlıq dəyərlərini göstərdi.
Yeni İl Bayramı: Vicdan Məsələsi
Yeni il bayramı ilə bağlı fikirlərim isə fərqlidir. Mən ümumiyyətlə bu bayramı qeyd etmirəm, eyni zamanda ailəm və övladlarım da qeyd etmir. Lakin bayramı qeyd edənlər üçün bu faciədən sonra musiqi və spirtli içkilərlə əylənmək, həqiqətən də bir anlamsızlıqdır. Ən azından həyatını riskə ataraq başqalarının həyatını qorumağa çalışan və sona qədər vəzifəsini yerinə yetirən Hökümə xanımın və digər şəhidlərin ruhuna hörmətsizlik olar. Bu məsələdə yalnız dövlət səviyyəsində deyil, həm də insanların vicdanında bir sorğu olmalıdır. Biz belə hallarda necə davranmalıyıq? Bir yaxınımızı itirdikdən sonra, bir həftə sonra musiqi altında, şənliklərdə Yeni ili necə qeyd edərik? Əlbəttə ki, bunu etmək vicdanımıza ziddir.
Faciə, təkcə bir qəza deyil, həm də insanlıq və vətənpərvərlik sınağıdır. Biz, hər bir azərbaycanlı olaraq, bir daha bu sınaqdan alnı açıq çıxmalıyıq. Bunu yalnız birlikdə və insanlığa hörmətlə edə bilərik.
Bu faciədə həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şifa, qohumlarına səbr diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə