Uşaqlarını qoyub qaçan anaların sayı niyə artıb? - ŞƏRH EDİLDİ

"Müasir dönəmin əsas xüsusiyyətlərindən biri də ailə təməllərinin dağılması, ailə sütunlarının titrəməsidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

o bildirib ki, bu, təkcə Azərbaycanda yox, bütün dünyada belədir: "Çünki artıq biz qloballaşan dünyada yaşayırıq. Dünyanın digər tərəfində hər hansı bir mədəni hadisə dünyanın digər yerlərinə də yayılır. Buna qloballaşma deyirlər. Qloballaşmanın bir təzahürü də budur. O cümlədən ali məsələləri də buraya aiddir.

Amerikada hər yüz nikahdan 64%-i boşanma ilə nəticələnir. Azərbaycanda da artıq rəqəm ona yaxınlaşır. Qadınların uşaqlarını buraxıb getməsi əvvəllər az olub, indi çoxdur. Çünki ailə təməlləri titrəyib. Ailə dağılmaları çoxalıb. Əsasən Avropa ölkələrində bu tendensiya daha sıx görünür. Çünki insan nə qədər müasirləşirsə, həyat onları tək yaşamağa sövq edir. Sosial şəbəkələr cəmiyyəti fiziksəl olaraq bir-birindən ayırır.

Bu niyə belədir? Bunun səbəbi aydındır. Səbəb müasir sistemdir. Müasir dünya, ümumiyyətlə, ailə sistemini qəbul etmir. Ailəsizliyi, əxlaqsızlığı təbliğ edir. Böyük bir hücum, dalğa var, sel gəlib. Bu sel bütün etnik mədəniyyətləri tapdalayır, əzir, keçir. O cümlədən Azərbaycanda olan etnik, milli mədəniyyətləri əzir. Ona görə hamı oturub bu barədə düşünməlidir. Hər bir ailə, qadın, kişi bu barədə düşünməlidir. Əgər qadın, kişi ailəsini qorumaq istəyirsə, özü qərar verməlidir. Yoxsa, televiziyalarımızın, sosial şəbəkələrin ümidinə qalsa, onun ailəsi dağılacaq. Artıq xanımlar və bəylər özləri qərar verməlidirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə