Etibarnamə ilə tapşırıq müqaviləsinin fərqi nədir? - HÜQUQŞÜNAS MÜNASİBƏT BİLDİRDİ

"Tapşırıq müqaviləsi ilə bağlı məsələ AR Mülki Məcəlləsi ilə tənzimlənir. Mülki Məcəllənin 777-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, vəkalət alanın vəkalət verənə qeyri-maddi olan vasitəçilik xidmətlərinin göstərilməsi - əqdlərin bağlanması və bu məqsədlə müvafiq işlərin görülməsi və xidmətlərin göstərilməsi tapşırıq müqaviləsinin predmetini təşkil edir: "Vəkalət alanın vasitəçilik xidmətlərinin nəticəsi maddi formada təcəssüm olunmur və xidmətlərin konkret nəticə əldə olunmasına təminat verilmir.

Tapşırıq müqaviləsinə görə vəkalət verən vəkalət alana onun adından və onun vəsaiti hesabına hər-hansı hüquqi hərəkətləri icra etməyi tapşırır. Tapşırıq müqaviləsinin predmeti anlayışına təmsilçinin yalnız hüquqi hərəkətləri aiddir. Hüquqi hərəkətlər dedikdə burada əqdlərin bağlanması və bu məqsədlə müvafiq işlərin görülməsi və xidmətlərin göstərilməsi, məsələn vəkalət verənin adından əqdlərin bağlanması, müəssisənin dövlət qeydiyyatından keçirilməsi, banklarda hesabların açılması, razılıq sənədləri (və ya lisenziyaların) dövlət orqanlarından alınması, hüquqi şəxsin ləğvi və yenidən təşkili və s. hüquqi hərəkətlər nəzərdə tutulur. Bundan başqa, vəkalət alan göstərdiyi xidmətin nəticəsinə təminat vermir.

Tapşırığın məzmunu müqavilədə birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

Mülki Məcəllənin 362-ci maddəsinə görə, Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir nəfərə (etibar edilənə, etibarnaməni alana) etibar etdiyini bildirən sənəddir və hüquqi əhəmiyyət daşıyır. Etibar edilən şəxs etibar edilən işi icra etməyə borcludur. Hər hansı bir səbəbdən iş icra edilə bilmədikdə, etibar edənə mütləq məlumat verilməlidir".

Onun sözlərinə görə, etibarnamələr müxtəlif məzmunda ola bilər: "Səlahiyyət həcminə görə etibarnamələrin 3 növü qeyd edilir:

1. Konkret bir işi görmək üçün birdəfəlik etibarnamə verilir. Buna birdəfəlik etibarnamə deyilir. Bir nəfər imkanı olmadığı üçün əmək haqqını, ev orderini, mükafatı ala bilmədikdə istədiyi adama etibarnamə verir ki, bu, birdəfəlik etibarnamə adlanır.

2. Xüsusi etibarnamə müəssisə rəhbəri tərəfindən müəssisənin məsləhətçisinə verilir. Arbitraj hüqüq iqtisad məhkəməsində etibar edilən şəxs etibarnaməni qeydiyyatdan keçirərək təmsil etdiyi müəssisənin hüquqlarını, mənafeyini qoruyur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə