“İnsanın aldığı informasiyalar onun davranışına təsir edir” - SOSİOLOQ DANIŞDI

“Müasir dövrdə ağıllı telefon, kompyuter olduqca vacib vasitələrdir. Bunlar bizim həyatımızı daha da zənginləşdirir, sürətli informasiya əldə etməyimizə, əlaqələrimizi genişləndirməyə xeyli kömək edir. Amma insanların yaratdığı istənilən texnikadan istifadədən öncə, insanlar həmin texnikadan istifadəyə hazırlıq prosesindən keçməlidir. İnsan velosipedə belə hazırlıqsız mindikdə sürə bilmir, yıxılır. Bu səbəbdən telefon, kompyuterdən istifadə üçün də ciddi maarifləndirmə işi aparmaq, insanları buna hazırlamaq lazımdır. Telefondan, kompyuterdən istifadə ilan zəhərindən istifadəyə bənzəyir. İlan zəhərindən düzgün şəkildə istifadə etdikdə çox keyfiyyətli müalicə vasitəsi olur. Amma dozasını artdıqda öldürücü təsir bağışlayır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, telefon, kompyuter və bu kimi vasitələrdən də düzgün istifadə etməmək öz mənfi nəticələrini göstərir: “İlk növbədə sözügedən vasitələrdən düzgün istifadə olunmadıqda insanın gün ərzindəki zamanını əlindən alır. Digər tərəfdən kompyuterlə çox təmasda olduqda insan şüalanmaya məruz qalır və bir müddət sonra insan orqanizmində fəsadlara yol açır. İnsanlar kompyuterlə hansı məsafədə olmaları, nə qədər müddət sonra istifadəyə ara verməli olmaları kimi vacib məqamları bilməlidirlər.

Ağıllı telefonlar, kompyuterlər insanların lazımi məlumatları əldə etmələri üçün düşünülüb, əxlaqa zidd məlumatlar almaq üçün yox. Nəzərə almaq lazımdır ki, insanın aldığı informasiyalar onun davranışına təsir edir. Həmçinin daimi olaraq əldə olunan mənfi tərkibli məlumatlar insanın mənəvi dəyərlərini də köklü şəkildə dəyişə bilər. İnsanlara təbii olaraq ağıllı telefon və kompyuterlərdən istifadə etməyi qadağan etmək olmaz, amma bu istiqamətdəki maarifləndirmə işlərini gücləndirmək olar. Xüsusilə də kiçik yaşlarından uşaqlara valideynləri tərəfindən tövsiyyələrin verilə biləcəyi kitabçaların, internet resurslarının olması müsbətə doğru dəyişmədə mühüm rola oynaya bilər.

Orta məktəblərdə də bu istiqamətdə həyatla bağlı maarifləndirici fənnin tədris edilməsinə ehtiyac var.
Həmçinin məsələdə ictimai qınaq da mühüm rola sahibdir. Əks təqdirdə inkişaf edən texnologiyalar cəmiyyətin inkişafını təmin etməkdənsə, geri düşməsinə səbəb olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə