Polis sərxoş sürücünün oyununu pozdu

Ümraniyə TEM şosesində sərxoş sürücünün idarə etdiyi avtomobil hərəkətdə olan mikroavtobusun arxasına çırpılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəzadan sonra sərxoş sürücü hadisə yerinə qohumuna zəng edərək özünü polisə sürücü kimi təqdim edib. Hadisəni anlayan polis qrupları 2 adamı nəzarətə götürüblər.

Qəza saat 02:45 radələrində Ümraniyə TEM şosesi Kavacık istiqamətində meydana gəlib. İddiaya görə sərxoş olduğu üzə çıxan 34 EUP 783 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 34 HDN 239 nömrə nişanlı mikroavtobusu ötmək istəyərkən sükan idarəetməsini itirib və mikroavtobusu arxadan vurub. Zərbənin gücündən mikroavtobus yol kənarına aşıb. Mikroavtobus sürücüsü qəzadan xəsarət almadan xilas olarkən avtomobildə olan 4 nəfərdən 3-ü yaralanıb. Digər sürücülərin xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Hadisə yerinə gələn tibb qrupları yaralılara ilkin tibbi yardımdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.

Sərxoş olduğu aşkarlanan sürücü qəzadan sonra spirtli içki şüşələrini avtomobilindən çıxararaq yol kənarına qoyub, hadisə yerinə isə qohumunu çağırıb. Qohumu isə polislərə özünü avtomobilin sürücüsü kimi təqdim edib. Hadisədən şübhələnən polislər apardıqları araşdırmadan sonra həqiqəti üzə çıxarıb və hər iki şəxsi nəzarətə götürüb.

Hadisə yerinə gələn evakuatorun köməkliyi ilə qəzaya düşən avtomobillər çıxarıldıqdan sonra nəqliyyatın hərəkəti normallaşıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə