Azərbaycan Könüllülərinin Türkiyəyə yardımla bağlı TƏƏSSÜRATLARI - SORĞU

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş Türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi geniş miqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulmuşlar.

Könüllü gənc Rəşad Əliyev: “Yardıma möhtac insanlara əl uzatmaq həqiqətən də çox gözəl duyğudur. Belə ürəyə sahib olmaq, həmçinin belə bir dövlətin gəncləri olmaq bizim üçün fəxrdir. Bu cür dəhşətli hadisə istər qardaş Türkiyəmizin, istərsə də başqa bir dövlətin başına gəlsin, biz yenə də eyni dəstəyi göstərməyə hazırıq. Haradan olmasından asılı olmayaraq insan insandır. Biz də humanist duyğularla tərbiyə edilmiş millətik”

Könüllü gənc Gülnar Məmmədli: “Mən Azərbaycan Futbol Federasiyası könüllüləri adından yardıma dəstək göstərirdim. Heydər Əliyev adına İdman Kompleksində könüllü olaraq çalışdım. Özüm də daxil olmaqla nəinki gənc, hər yaşdan olan vətəndaşlarımız gecə-gündüz demədən canla-başla çalışırdı. Hətta gənclərimiz arasında yardım üçün Türkiyəyə gedənlər də oldu. Belə bir işin içində olmağ bizə həm sınaq, həm də birliyin necə olmalı olduğunu göstərir. 44 günlük Vətən müharibəmizdə Turkiyə bizim əlimizdən tutduğu kimi kömək etmək bizim də borcumuzdur. Bu hadisə mənə onu göstərdi ki, necə birlik və ailə olmaq olur. Biz Turkiyə və Azərbaycan xalqı olarağ bir ailəyik”.

Könüllü gənc Fəxrəddin Hüseynli: “Mən də Türkiyəyə yardım kampaniyasında könüllü kimi fəaliyyət göstərən gənclərdən idim. Bundan öncə də könüllülük fəaliyyətim olub. Amma heç biri bunun qədər qürur və zövqverici olmayıb. Əgər bir nəfərə belə köməyim dəyibsə, nə xoş mənə. Türkiyəyə başsağlığımı bildirirəm. İnşallah bu çətin günlərin üstəsindən gəlməyi bacaracaqlar. Biz də hər zaman əlimizdən gələn dəstəyi göstərməyə hazırıq”.

Könüllü gənc Əli Hüseynli: “Çox gözəl addımdır. Qardaş ölkənin yanında olmağa hər zaman hazırıq. Baxmayaraq ki hal-hazırda orda hava qarlı, şaxtalıdı. Amma yenə də könüllü yoldaşlarım qürur hissi ilə hadisə baş verən yerdə öz könüllülüyünün davam edirir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə