Müstəqillik yolunda 33 illik tarix: Tənəzzüldən inkişafa

Eldar İbrahimov

Milli Məclisin İntizam komissiyasının sədri, professor

O tarixi anlardan düz 33 il keçir…

33 il öncə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi, 1991-ci il avqustun 30-da keçmiş Ali Sovet Müstəqillik Bəyannanəsini, ondan cəmi bir ay 18 gün sonra isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 18 oktyabr Azərbaycan xalqının tarixinə Müstəqilliyin Bərpası Günü kimi düşdü.

Dahi Lider Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Yəni, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi məhz Ulu Öndərin adı ilə bağlıdır.

Çünki 1991-1993-cü illərdə müstəqilliyimiz bir növ formal xarakter daşıyırdı, hakimiyyət başında olan, bir-birini əvəzləyən siyasi qüvvələrin səbatsızlığı, səriştəsizliyi ucbatından Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyətli, müdrik addımları sayəsində ölkəmizsiyasi sabitlik yaradıldı.

Heydər Əliyevin hakimiyyət gəlməsi ilə Azərbaycanda hökm sürən dərəbəyliyə, özbaşınalığa, hərc-mərcliyə, xaos və anarxiyaya, döyüş meydanında ardıcıl yaşanan uğursuzluğa son qoyuldu, müstəqilliyimiz möhkəm təməllər üzərində möhkəmləndirildi. Qısa müddətdə ordu quruculuğuna başlandı, tarixi “Əsrin müqaviləsi” imzalandı, dövlət çevrilişi cəhdlərinin birmənalı şəkildə qarşısı alındı, 1995-ci ilin noyabr ayında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, demokratik, azad, ədalətli, şəffaf seçkilər nəticəsində ilk Milli Məclis formalaşdırıldı, inqilabi əhəmiyyət daşıyan torpaq islahatları həyata keçirildi. Regionların bərbad siması dəyişməyə, gözəlləşməyə başladı. Azərbaycan qətiyyətli şəkildə öz imzasını imzalar içinə atdı. 2003-cü il oktyabrın 15-də ilk dəfə Prezident seçilən İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 21 il ərzində Heydər Əliyev siyasətinə, Dahi Liderin siyasi kursuna sadiqlik nümayiş etdirdi. Tezliklə regionların sosial-iqtisadi inkişafı haqqında tarixi əhəmiyyətli ilk Dövlət Proqramı qəbul edildi. Ötən dövrdə bu istiqamətdə ümumilikdə 4 Dövlət Proqramının icrası gerçəkləşdirildi. Bu proqramların icrası nəticəsində Azərbaycan regionlarının siması bütünlüklə dəyişdi, rayonlar və iri şəhərlərdə çoxsaylı infrastruktur layihələri həyata keçirildi. Yüz minlərlə iş yerləri yaradıldı, ölkə əhalisinin sosial-rifah halı yaxşılaşmağa başladı. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm faktora çevrildi.

Ötən müddətdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri oldu. Həmçinin, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan bu təsisatın ən fəal üzvü kimi, 2020-ci ildə dünyanı cənginə alan koronavirus bəlasının qarşısının alınması üçün bir çox təşkilatlara və dövlətlərə təmənnasız olaraq yardım etməklə növbəti nümunə yaratdı.

Ölkəmizdə ötən 21 il ərzində ictimai-siyasi əhəmiyyətli beynəlxalq tədbirlərə, mötəbər forumlara, məhhur idman və musiqi yarışmalarına, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına uğurlu ev sahibliyi etdi. Xüsusilə, ordu quruculuğu sahəsində böyük addımlar atıldı. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı ilə Ermənistana və bu mənfur dövləti təcavüzə hörükləyən dairələrə nələrə qadir olduğunu nümayiş etdirdi. 2020-ci ilin iyul ayında şanlı ordumuz Tovuz hadisələrində işğalçı və təzavüzkar Ermənistana, onun arxasında dayanan qüvvələrə bir daha yerini göstərdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi ilə cəmi 44 gün ərzində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Rəşadətli ordumuz 2022-ci ilin “Qisas” və 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatları ilə düşmənə ağır zərbə vurdu. Xocalı, Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran da daxil olmaqla, bütün yurd yerlərimiz işğaldan azad olundu, ölkəmizin bütün ərazilərində dövlət suverenliyimiz tam təmin edildi.

Postmüharibə dövründə tarixi Zəfərimizdən az sonra işğaldan azad olunmuş ərazilərimiz bərpa-yenidənqurma işlərinə start verildi. Son 4 il ərzində Qarabağ və Şərqi Zəngəzurda əsl quruculuq, dirçəliş yaşanmaqdadır. Bu gün qalib Azərbaycan Qələbələrdən Qələbələrə inamla addımlayır. Bəli, bütün bu uğurlar Heydər Əliyev siyasətini layiqincə davam etdirən Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ağıllı, müdrik siyasəti nəticəsində əldə edilib. Heydər Əliyevin sözləri ilə desək, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir! yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə