Sağlam rəqabət regionların inkişafına stimul verir ŞƏRH

Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf dövrünü yaşayır. Rayonlar arasında gedən sağlam rəqabət qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi. 2004-cü ildə imzalanan regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramında qarşıya qoyulan vəzifələrin uğurlu icrası növbəti sənədlərin qəbuluna geniş yol açdı. Artıq bu gün dördüncü Dövlət Proqramı uğurla icra edilir. Fəxrlə qeyd etdiyimiz uğurlarımızdan biri də budur ki, paytaxt Bakı ilə yanaşı, regionlar da inkişafı ilə dünyanın diqqətindədir, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunurlar. Təbii ki, bu da dövlətimizin uğurlu siyasətinin, təkmil islahatların nəticəsidir.

Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfər edir, görülən işlərə nəzarəti özü aparır. Ən əsası ictimaiyyət nümayəndələri ilə səmimi görüşləri çərçivəsində onları narahat edən məsələləri özlərindən xəbər alır, icrası istiqamətində aidiyyati qurumlara tapşırıqlarını verir. Bu isə öz növbəsində ölkəmizdə xalq-Prezident birliyini, həmrəyliyini sarsılmaz edir, irəli sürülən təşəbbüslərin ictimaiyyət tərəfindən dəstəklənməsi fonunda davamlı uğurlara yol açır.

Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfər etdilər. Azərbaycanın hər bir bölgəsi ölkəmizin təqdimatına öz töhfəsini verir. Bu baxımdan qeyd edilən rayonların da turizm imkanlarına bir daha nəzər salınaraq atılan addımlar diqqətdən kənarda qalmadı. İsmayıllı rayonunun Basqal qəsəbəsi ölkəmizin qədim kəndlərindən biridir. Dövlət başçısı İlham Əliyev məhz bu məkanda Azərbaycan Televiziyasına müsahibə verərək həm adı çəkilən rayonun timsalında Azərbaycanın bölgələrinin sürətli inkişafını, həm tarixi Zəfərimizdən sonra postmünaqişə dövrünün reallıqları fonunda Ermənistana ciddi mesajlarını və xəbərdarlıqlarını çatdırdı, eyni zamanda, hər bir bölgənin, kənd və qəsəbənin tarixi simasının qorunması ilə tariximizə nə qədər bağlı olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. Cənab İlham Əliyev müsahibəsində bildirdi ki, bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir “Basqal Resort & Spa” otelinin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdir.

Göründüyü kimi, atılan hər bir addımın əsasında ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifah halının yaxşılaşması dayanır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır. Ölkə Prezidenti səfər çərçivəsində Ağsu rayonunda yaradılan aqroparkın fəaliyyəti ilə də tanış oldu. Burada da 200-ə yaxın iş yeri açılıb.

Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Hazırkı dövrün əsas çağırışlarından birinin ərzaq təhlükəsizliyinin təminatı olduğunu nəzərə alsaq bu uğurumuzu da böyük inamla qeyd edə bilərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır. Həm yerli şirkətlər, həm xarici investorlar ölkə iqtisadiyyatına sərmayələr yatırmaqla Azərbaycanın böyük investisiyalar məkanı olduğunu, investisiya cəlbediciliyini qoruduğunu dünyaya təqdim edirlər. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq maliyyə qurumlarlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Dünya Bankının hesabatında Azərbaycan ən islahatçı ölkə kimi qərarlaşıb. Belə olan halda dövlətimiz yaranan hər bir iqtisadi çətinliyin öhdəsindən uğurla gəlir, aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirmək imkanlarını ortaya qoyur. Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasını, həmçinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı zamanlarda dünyanın inkişaf etmiş ölkələri belə iqtisadi durğunluq dövrünü yaşadığı halda ölkəmizdə islahatların daha da dərinləşdirildiyini, heç bir sosial layihənin təxirə salınmadığını xüsusi qeyd etməliyik. Cənab İlham Əliyev sözügedən müsahibəsində bir daha vurğuladı ki, real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq: “Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.”

Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Dövlət başçısı bu hədəfi də açıqladı ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, hazırda bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər iqtisadi imkanlarımızın təqdimatı olmaqla yanaşı, Azərbaycanın gələcək inkişafı barədə aydın təsəvvür yaradır.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə