“Trampın Putinə qarşı səbri tükənib...”

“Vladimirlə hər dəfə danışanda söhbət yaxşı gedir, amma heç nə alınmır...”

...ABŞ prezidenti Donald Tramp Putinlə danışıqlardan məyus olub və ilk dəfə olaraq Rusiya neft sənayesinə qarşı birbaşa sanksiyalar tətbiq edib. Bu qərar Trampın ikinci administrasiyasında dönüş nöqtəsi olub və Ukraynadakı müharibəni Kremllə şəxsi əlaqələr vasitəsilə həll etmək cəhdlərinin sonunun siqnalı olub.

SİA-nın məlumatına görə, The Wall Street Journal yazır.

Mənbələrə görə, Tramp bu qərarı dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və maliyyə naziri Skott Bessentlə müzakirə edib.

Prezidentə yüngüldən ağıra qədər üç sanksiya variantı təklif edilib.

O, orta yolu seçib: enerji nəhəngləri “Rosneft” və “Lukoil”-a qarşı məhdudlaşdırıcı tədbirlər.

...Çox gözlədik. Hərəkətə keçməyin vaxtıdır, - deyə Tramp jurnalistlərə bildirib.

Rəsmilərin sözlərinə görə, prezidentin səbri, Putinlə Budapeştdə keçiriləcək zirvə görüşünü ləğv etdikdən qısa müddət sonra Rusiyanın uşaq bağçası da daxil olmaqla, Ukrayna şəhərlərinə yenidən zərbə endirməsindən sonra tükənib.

...Vladimirlə hər dəfə danışanda söhbət yaxşı gedir, amma heç nə alınmır, - deyə Tramp etiraf edib.

Sanksiyalar Moskvanı danışıqlara sövq etmək məqsədi daşıyır, lakin Tramp hələ də sülh razılaşmasına ümid edir. ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi elçisi Kurt Volkerin sözlərinə görə, prezident prosesin uzanmasından qıcıqlansa da, "hələ də Putinlə razılaşma istəyir".

Yeni tədbirlər artıq təsir göstərməyə başlayıb.

Hindistan Rusiya neftinin alışını azaldıb və Çin şirkətləri müvəqqəti olaraq tədarükü dayandırıb.

Putin sanksiyaların iqtisadiyyata zərbə vuracağını etiraf edib, lakin "özünə hörmət edən heç bir dövlətin təzyiq altında hərəkət etmədiyini" bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə