26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib - YENİLƏNİB-FOTOLAR

İkinci ildir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününü xüsusi ovqat, böyük məmnuniyyət və qürur hissi ilə qeyd edirik. Bu, ənənələri olan, haqlı olaraq Cənubi Qafqazın ən qüdrətlisi hesab olunmaqla, dünyanın ən peşəkar orduları sırasında özünə yer qazanan Müzzəffər Azərbaycan Ordusunun ildönümünü özündə ehtiva edən 26 iyun tarixidir. SİA xəbər verir ki, bu sözləri iyun ayının 24-də Azərbaycan Silahlı Qüvvələrinin yararanmasının 104 illiyi ilə bağlı Yeni Azərbaycan Pariyası (YAP) Səbail rayon təşkilatında keçirilən tədbirin açılış nitqində təşkilatın sədri Muxtar Nağıyev deyib.

Azərbaycan Respublikasının Dövlət Himninin sədləndirilməsi ilə başlayan tədbirdə YAP Səbail rayonu ərazi təşkilatlarının rəhbərləri, partiya üzvləri, Qarabağ müharibəsi veteranları, rayondakı idarə, müssisə və təşkilatların nümayəndələri iştirak edib.

Muxtar Nağıyev 1918-ci ilin iyun ayında dövlət müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətində milli ordu quruculuğunun yaradılmasını qaçılmaz edən amillərdən söhbət açıb: “Milli ordunun yaradılması ona görə zəruri idi ki, hökumət qarşısında daşnak-bolşevik silahlı qüvvələrinin martın sonunda başladıqları mart qırğınlarının Bakının sərhədlərini aşaraq Qubaya, Şamaxıya qədər gedib çıxan və genişlənməkdə olan miqyasının qarşısını almaq vəzifəsi dayanırdı. Qısa müddətdə generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov və digər hərbçilərimizin rəhbərliyi altında ilk Azərbaycan hərbi birləşmələri yaradıldı. Qardaş Türkiyədə formalaşdırılan, Birinci Dünya müharibəsindən keçmiş təcrübəli əsgər və zabitlərdən təşkil edilən Qafqaz İslam Ordusunun Azərbaycana dəvət edilməsindən sonra ordu quruculuğumuzun ikinci mərhələsi başladı”.

28 aprel çevrilişi ilə Azərbaycan milli dövlətçiliyinə son qoyulandan təxminən 50 il sonra Azərbaycanın Ulu Öndəri, dünyanın nadir dövlət xadimi, həyatını xalqına həsr edən ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən sonra milli zabit kadrlarımızın yetişdirilməsi üçün də həlledici addımların atıldığını qeyd edən rayon təşkilatının sədri Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasını xüsusi vurğulayıb. Sonralar həmin liseyin məzunlarının müasir Azərbaycan Silahlı Qüvvələrinin onurğa sütununa çevrildiyini xatırladan Muxtar Nağıyev Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra müharibə şəraitində həyata keçirdiyi ordu quruculuğu barədə də danışıb.

Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün aparılan siyasətin qısa zamanda verdiyi səmərə barədə söhbət açan M.Nağıyev 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin nəticələrinin həmin siyasətin bəhrəsi olduğunu deyib: “Müzəffər Ali Baş komandanın rəhbərliyi altında ordumuz Azərbaycan xalqına 30 il həsrətində olduğumuz qələbə hissini yaşatdı”.

Müasir Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi 104 illik şərəfli yol barədə geniş çıxış edən tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarov ümummilli lider Heydər Əliyevin “Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir”, - sözlərini xatırladaraq, bunu tarixdən çıxan qənaət adlandırdı, gəncliyimizin bu gün hərbçi sənətinə can atdığını da həmin qənaətlə şərtləndirib. Prezident İlham Əliyevin iki il əvvəl qazanılan həyati əhəmiyyətli Zəfər barədə dedikləri bütün fikirlərin mayasında Azərbaycan Silahlı Qüvvələrinə xalqın böyük inamının dayandığını qeyd edən Muxtar Nağıyev Ali Baş Komandanın ötən il iyunun 26-da etdiyi paylaşımı xatırlatdı: “Azərbaycan torpaqlarını işğaldan azad edən müzəffər Ordumuz öz tarixi missiyasını yerinə yetirdi”.

Tədbirin bədii hissəsində rayon ərazisində yerləşən musiqi və ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında bədii qiraət və musiqi nömrələri təqdim edilib.

Ayşən Vəli

YAP

Bütün xəbərlər Facebook səhifəmizdə